“İndiki gedişat Türkiyənin Cənubi Qafqazda mövqelərinin güclənməsinə səbəb olacaq”.
Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Suriyanın İdlib bölgəsində gözlənilən hərbi əməliyyatlar və bu çərçivədə gərginləşdiyi müşahidə olunan Türkiyə-Rusiya münasibətlərini dəyərləndirən hərbi ekspert, “Rusiya zabitləri” təşkilatı Ekspert Şurasının üzvü Aleksandr Perenciyev deyib.
– Suriyanın İdlib bölgəsində hərbi əməliyyatların keçirilməsi gözlənilir. Bu çərçivədə Türkiyə ilə Rusiya arasında qarşıdurma yarana bilər?
– Türkiyə ilə Rusiya arasında hər hansı qarşıdurma yoxdur və olmayacaq. Əslində, Ərdoğanın İdlib məsələsində sərt mövqe tutması daha çox Ankaranın Rusiyadan qarşılıqlı münasibətlərin digər aspektlərindən əlavə dividendlər götürmək istəyi ilə bağlıdır. Burada hətta Çinlə bağlı məqamın olması da mümkündür. Eyni zamanda, Türkiyənin Rusiya və Çinin bəzi birgə layihələrində iştirakı – Cənubi Afrikada almaz çıxarılması-satışı, Ankaranın BRİKS-ə tamhüquqlu üzvlük və digər məsələlər nəzərdə tutula bilər. Həmçinin Ankaranın İdlib məsələsində tutduğu sərt mövqeni Türkiyənin “Türk axını” layihəsindən əlavə gəlirlər götürmək və Rusiyadan daha çox müasir silah almaq niyyəti ilə əlaqələndirmək çətin deyil. Burada Türkiyənin Suriya böhranının nizamlanmasına yönəlik Rusiya ilə Almaniya arasında dialoqun intensivləşməsinə qısqanc münasibəti də rol oynayır.
Bir sözlə, Ərdoğanın Rusiya ilə sövdələşməsi üçün mövzular çoxdur və bu mənada Moskvaya təzyiq göstərmək üçün İdlib məsələsi olduqca münasibdir. O baxımdan, Türkiyə ilə Rusiya arasında qarşıdurma yox, sövdələşmə olacaq.
– Türkiyə ilə Rusiya arasında gərginliyin yaranması regiondakı təhlükəsizlik konfiqurasiyasına necə təsir göstərəcək?
– Türkiyə ilə Rusiya arasında sövdələşmə tək regionun deyil, bütövlükdə dünyada mövcud konfiqurasiyaya təsir edəcək. Ankara İdlib məsələsində sərt mövqe tutmaqla özünün dünya siyasətindəki əhəmiyyətini artırmağa çalışır və elə bir beynəlxalq institusional dizayn yaratmaq istəyir ki, Türkiyə orada əsas yerlərdən birini tuta bilsin.
– Bu məsələlər Cənubi Qafqaza necə təsir edəcək?
– Məncə, bu gedişat Türkiyənin Cənubi Qafqazda mövqelərinin güclənməsinə səbəb olacaq. Məsələn, Rusiya-Azərbaycan-İran + Türkiyə alyansı yarana və Ankara “Şimal-Cənub” nəqliyyat dəhlizinə qoşula, oradan gəlir götürə bilər.
Anar Hüseynov