Türkiyə kəşfiyyatı İŞİD liderini MƏHV ETDİ

“Türkiyə kəşfiyyatı Suriyada İŞİD liderini məhv edib”.

Yenicag.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, Türkiyə Milli Kəşfiyyat Təşkilatının Əbu Hüseyn əl-Qureyşi kimi tanınan şəxsi uzun müddətdir, izlədiyini bildirib:

“Bu şəxs ötən gün MİT (Türkiyə Milli Kəşfiyyat Təşkilatı) tərəfindən Suriyada həyata keçirilən əməliyyatda zərərsizləşdirilib”.

Türkiyə lideri bundan sonra da terror təşkilatlarına qarşı ayrı-seçkilik etmədən mübarizənin davam etdiriləcəyini vurğulayıb: “Türkiyənin terrorla mübarizəsi Avropanın təhlükəsizliyinə töhfə verir. Amma onların bundan xəbəri yoxdur və ya xəbərdar olmaq istəmirlər. Terror təşkilatlarına qarşı ən təsirli şəkildə mübarizə aparan yeganə ölkə bizik. PKK-nın ən böyük terrorçuları zərərsizləşdirilib”.

Qeyd edək ki, Əl-Qureyşi ötən ilin oktyabrında Suriyada Azad Suriya Ordusu tərəfindən öldürülən sələfi Əbu əl-Həsən əl-Həşmi əl-Qureyşinin ölümündən sonra İŞİD lideri seçilib. Əl-Qureyşi haqqında çox az şey məlum idi, lakin təyin olunduğu vaxt İŞİD onu “köhnə döyüşçü” kimi təsvir edib.