Türkiyə Moskvada terror aktının qarşısını almağa kömək edib.
Yenicag.az Hürriyət-ə istinadən xəbər verir ki, Türkiyə xüsusi xidmət orqanları rusiyalı həmkarlarına xəbərdarlıq edərək “Crocus City Hall” ticarət mərkəzinə hücumdan sonra Moskvada planlaşdırılan ikinci terror aktının qarşısını almağa kömək ediblər.
Konsert salonuna ilk hücumdan sonra terror qruplaşması ikinci hücumu planlaşdırıb. Onlar izdihamlı ticarət mərkəzinə hücum etmək istəyiblər. Türkiyə kəşfiyyatı Moskva ilə əlaqə saxlayaraq ikinci böyük terror aktının qarşısını alıb.
Məlumata görə, terror aktı İŞİD-lə əlaqəsi olan Vilayəti-Xorasan qruplaşmasının silahlıları tərəfindən planlaşdırılıb. Hürriyətin xəbərinə görə, Türkiyə xüsusi xidmət orqanları uzun müddətdir ki, İstanbulda Müqəddəs Məryəm Katolik Kilsəsinə hücumda iştirak edən Vilayəti-Xorasan təşkilatının yerli bölməsinin fəaliyyətini izləyir. Kəşfiyyat xidmətləri bir sıra şəxsləri tapıb, onları dindirib, bundan sonra Rusiya tərəfi ilə əlaqə yaradılıb. Nəşr onu da xatırladıb ki, Moskva yaxınlığındakı ticarət mərkəzinə hücumu törədənlərdən ikisi terror aktından bir qədər əvvəl Türkiyəyə səfər edib və bu barədə də Rusiya hüquq-mühafizə orqanlarına məlumat verilib.