Türkiyə mətbuatı Dağlıq Qarabağ münaqişəsini təhlil etdi – FOTOLAR

Türkiyə mətbuatı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və son günlər yaşanan gərginlik haqqında geniş məqalə yazıb.

Yenicag.az xəbər verir ki, məqalədə Ermənistanın uzun illərdən bəri işğalçı niyyətini açıqlayan faktlar, erməni vandallığı, hərbi-siyasi münasibətlərdə terrorçuluğu dəstəkləməsi və s. əks olunub.

Araşdırma yazını təqdim edirik.

Ermənistan Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) dağılmasını fürsət bilərək, Dağlıq Qarabağı və ətraf rayonları işğal etməyə başladı. Ermənistan ilə Azərbaycan arasındakı gərginlik 1980-ci illərin ortalarından silahlı insident formasını almağa başladı.

SSRİ-nin son lideri Mixail Qorbaçov başlatdığı münaqişədə ermənilərdən istifadə etmək istəyirdi.

Ermənistan Azərbaycana aid olan Qarabağ bölgəsində dağlıq hissənin hüquqlarının tanınmasını tələb etdi. Sovet İttifaqının illərdir apardığı siyasət nəticəsində təbii ki, bölgədəki erməni əhali çoxluq təşkil edirdi. Ancaq bölgə həm beynəlxalq təşkilatlar tərəfindən, həm də qanuni olaraq Azərbaycana aid hesab edildi.

20 fevral, 1988-ci il

20 fevral 1988-ci ildə Sovet İttifaqının tərkibindəki Azərbaycanın bölgəsi olan Dağlıq Qarabağın əksəriyyəti erməni sakinləri olmaqla, parlamentdə səsvermə keçirildi. Nəticələrə əsasən, 110 üzvün səsi ilə Ermənistan Sovet Sosialist Respublikası İttifaqı ilə birləşməyə qərar verildi.

1989-cu ildə Kreml Dağlıq Qarabağın bu qərarını rədd etdi və bölgəni yenidən Azərbaycana aid etdi. 1991-ci ilin sonunda Sovetlər Birliyi dağılmağa başladıqda, ermənilər hakimiyyət boşluğundan istifadə edərək bu dəfə Dağlıq Qarabağın “müstəqil”liyini elan etdilər. Bu vəziyyət Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurmaları alovlandırdı.

1988-ci ildə Dağlıq Qarabağ bölgəsindəki ermənilər Azərbaycanı tərk edib Ermənistana qoşulmaq istəyəndə gərginlik daha da artdı. Dağlıq Qarabağ Parlamenti Ermənistana bağlı olduğunu açıqladı. Azərbaycan da öz növbəsində Dağlıq Qarabağ bölgəsinin muxtar statusunu ləğv edib özünə birləşdirdi.

Bütün bunlardan sonra Qarabağın qondarma rəhbərliyi müstəqillik referendumu keçirməyə qərar verdi. Azərbaycanlıların iştirak etmədiyi referendumla “Dağlıq Qarabağ Respublikası” elan edildi. Gərginlik ən yüksək həddə idi. Ermənistanla Azərbaycan arasında münaqişə qaçılmaz vəziyyətə gəldi. Rusların dəstəklədiyi erməni qüvvələri Dağlıq Qarabağ bölgəsini işğal etdilər.

 

26 fevral, 1992-ci il

Xocalı qətliamı və Dağlıq Qarabağ 

1991-ci ildə ermənilər Xankəndini, 1992-ci ildə Xocalı və Şuşanı işğal etdikdə Dağlıq Qarabağ problemi daha da böyüdü.

Xocalı bəşər tarixindəki ən ağır qırğınlardan birini yaşadı.

Erməni qüvvələri kişilər, qadınlar və uşaqlar da daxil olmaqla, hamısını qəddarlıqla qətlə yetirdilər.

Sonra Laçın, Xocavənd, Kəlbəcər və Ağdərəni ələ keçirən ermənilər 1993-cü ildə Ağdama girdilər. Ardı ilə Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonları işğal olundu.

Beləliklə, Azərbaycan torpaqlarının 20 faizi işğal olundu, 1 milyona yaxın insan torpaqlarından didərgin düşdü.

7 iyul, 2014-cü il

Xatırlayırsınızsa, Rusiya lideri Vladimir Putinin ev sahibliyi etdiyi Soçidə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın görüşündən əvvəl cəbhə xəttində toqquşmalar baş verdi.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən, Ağdam və Tərtər bölgələrində erməni kəşfiyyat və təxribat qoşunları növbəti dəfə təxribat əməliyyatına başladı.

Nazirlik qarşıdurmalarda 17 əsgərin şəhid olduğunu və 90 erməni əsgərinin öldüyünü açıqladı.

2 aprel, 2016-cı il

Rusiyanın vasitəçi kimi çıxış etdiyi danışıqlarda iki ölkənin liderləri problemi müzakirə etsələr də, Ermənistanın yenə də atəşkəsi pozduğuna görə qarşıdurmalar cəbhə xəttində davam etdi.

Ermənistan aprelin 2-də atəşkəsi pozaraq, Qarabağ məsələsini beynəlxalq gündəmin ən üst nöqtəsinə gətirdi. Dörd günlük müharibə adlanan silahlı qarşıdurma iki atəşkəs bəyannaməsindən sonra dayandı.

12 iyul, 2020-ci il

İyulun 12-də Ermənistan ordusu sərhədin Tovuz bölgəsindən Azərbaycan mövqelərinə hücum etməyə cəhd göstərdi və Azərbaycan Ordusu cavab verdikdən sonra ermənilər geri çəkildilər. Münaqişədə Azərbaycan Ordusunun hərbçiləri öldürüldü. Növbəti günlərdə davam edən qarşıdurmalarda Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov şəhid oldu.

Azərbaycan-Ermənistan gərginliyində uğursuz diplomatik səylər

27 sentyabr, 2020-ci il

Ermənistan adəti üzrə yenidən səhər saatlarında Azərbaycanın müxtəlif  mövqelərini, yaşayış məntəqələrini hədəf aldı.

Azərbaycan Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, Ermənistan ordusu saat 06.00 radələrində cəbhə xətti boyunca geniş təxribatlar törədərək, Azərbaycan Ordusunun mövqelərinə və yaşayış məntəqələrinə toplardan və minaatanlardan atəş açıb.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın hücumlarına cavab olaraq, cəbhədə əks-hücum əməliyyatına başladığını açıqlayıb.

Hazırda mülki və hərbi itkilərin dəqiqləşdirildiyi, Azərbaycan Ordusunun düşmənin təxribatının qarşısını almaq və cəbhəyə yaxın bölgələrdə yaşayan insanların təhlükəsizliyini təmin etmək üçün cavab tədbirləri görüldüyü bildirilir.