Türkiyə millisi Moldovanı məğlub etdi

Futbol üzrə Türkiyə milli komandası Avropa çempionatı ərəfəsində son yoldaşlıq görüşünü Moldovaya qarşı keçirib.

Yenicag.az xəbər verir ki, Almaniyanının Paderborn şəhərindəki “Benteler Arena”da təşkil olunmuş qarşılaşma “ay-ulduzlular”ın qələbəsi ilə yekunlaşıb – 2:0. Qolları Burak Yılmaz 58-ci, Cengiz Ünder isə 77-ci dəqiqələrdə vurub.

Bu, Türkiyə millisinin AVRO-2020 öncəsi üçüncü yoldaşlıq oyunu olub. Şenol Güneşin baş məşqçi olduğu kollektiv daha əvvəl Azərbaycan yığmasına 2:1 hesabı ilə qalib gəlib və Qvineya ilə heç-heçə edib – 0:0.

Qeyd edək ki, “ay-ulduzlular” Avropa çempionatında ilk oyununu iyunun 11-də Romada İtaliyaya qarşı keçirəcək. Türkiyə millisi daha sonra Bakı Olimpiya Stadionunda Uelslə iyunun 16-da və İsveçrə ilə iyunun 20-də A qrupunun digər iki görüşünə çıxacaq.