Türkiyə müxalifətinin Ərdoğana ÖLÜM “ARZUSU”: “Bu, siyasi əxlaq anlayışına zidd yanaşmadır” – ŞƏRH

“Azərbaycana son səfəri zamanı Türkiyə prezidentinin kifayət qədər sağlam olduğunun şahidi olduq”.

Bu fikirləri Türkiyədə müxalifət təmsilçilərinin ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın səhhəti ilə bağlı irəli sürdükləri iddialarla bağlı danışarkən politoloq Elçin Mirzəbəyli Yenicag.az-a açıqlamasında səsləndirib.

Elçin Mirzəbəyli bu cür yanaşmanın siyasi əxlaq anlayışına zidd olduğunu bildirib:

“Bu yanaşma etik deyil. Belə yanaşmaları, təəssüflər olsun ki, zamanında Azərbaycanda da görmüşük. O şəxslərdən bir hissəsi indi mövqelərini dəyişsələr də, ötən zaman hər kəs üçün nəticə çıxarmağa və siyasi proseslərdə mədəniyyətin önəminə diqqət çəkməyə əsas verir. Siyasi əxlaq, dövlət əxlaqı klassik dövlətçiliyin təməl sütunlarından biridir. Böyük dövlətçilik ənənələri olan Türiyədə bu cür təfəkkürə sahib siyasətçilərin olduğunu görəndə təəssüflənirsən. Rəcəb Tayyib Ərdoğanı sevməyə, onun siyasəti ilə barışmaya və rəqabət apara bilərlər, ancaq bu rəqabət faktoloji olmalıdır. Siyasi rəqabət elementlərinin şəxsiyyətlərə, onların sağlamlığına münasibətdə ortaya çıxması siyasi əxlaq anlayışına zidd yanaşmadır”.

Politoloq Ərdoğanın 2023-cü ildə keçiriləcək seçkilərdə iştirak etməsi üçün qarşsında heç bir maneə olmadığını qeyd edib:

“Qənaətimə görə, belə bir yanaşma nə türk seçicisinin iradəsinə, nə də bütövlükdə Ərdoğanın mövqelərinə hər hansı bir formada təsir göstərəcək. Təbii ki, insan yaşlanır və bu yaşlanma ilə bağlı hər hansı problemlər ortaya çıxır. Amma Azərbaycana son səfəri zamanı Türkiyə prezidentinin kifayət qədər sağlam olduğunun şahidi olduq. Onun sağlamlığı yerindədir və bu ona imkan verir ki, gələcək seçkilərdə aktiv şəkildə iştirak etsin, uğur qazansın və Türkiyəni qarşıya qoyduğu hədəflərinə çatdırsın. Türkiyə çox önəmli bir mərhələdən keçir. Bu mərhələyə gəlib çatmaq məhz Ərdoğanın sayəsində olub. O, Türkiyəni tam müstəqil siyasət yürüdən, qlobal gücə çevrilməkdə olan, söz sahibi olan bir ölkəyə çevirib”.

Aqil Bəkir