Türkiyə NATO sammitinin MƏRKƏZİNDƏ: “Rəsmi Ankara regional güc kimi strateji əhəmiyyətini artırmaqdadır” – ŞƏRH
“Sammitin Türkiyə üçün məhsuldar və nəticəli keçdiyini söyləyə bilərik”.
Bu fikirləri NATO sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın keçirdiyi bir sıra görüşləri və ABŞ Prezidenti Co Baydenlə bir araya gəlməsini şərh edən tarix üzrə fəlsəfə doktoru, politoloq Namiq Məmmədov Yenicag.az-a açıqlamasında bildirib.
Namiq Məmmədov qeyd edib ki, sammit Türkiyə üçün məhsuldar keçib:
“Liderlərin görüşü təkbətək və mətbuata qapalı formada keçirilib. Görüş zamanı müzakirə edilən məsələlərlə bağlı rəsmi açıqlamalar olmasa da, mətbuatın yazdığına görə, burada bir neçə mövzu ətrafında fikir mübadiləsi aparılıb. Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı Türkiyənin razılığı, Ukrayna-Rusiya müharibəsi və taxıl koridoru, Egey dənizi hövzəsi və Suriya məsələsi və ən əsası, Türkiyənin F-16-ları alması məsələlərinin müzakirə olunduğu ehtimal edilir.
Ukraynadakı müharibədə Türkiyənin tarazlı siyasət yürütməsi də liderlər tərəfindən müzakirə edilib. Rəsmi Ankaranın arbitr rolu taxılın başqa ölkələrə daşınmasında əsasdır və bu, Türkiyənin beynəlxalq rolunun artmasının göstəricisidir.
Həmçinin F-16 məsələsilə bağlı da irəliləyiş əldə olunub. Lakin F-35 məsələsində bir irəliləyiş yoxdur.
NATO sammiti çərçivəsində keçirilən görüşlərlə bağlı bu gün Türkiyə liderinin mətbuat açıqlaması olacaq. Rəcəb Tayyib Ərdoğanın qaranlıq qalan məsələlərə orada aydınlıq gətirəcəyi gözlənilir. Ümumilikdə, bu sammitin Türkiyə üçün məhsuldar və nəticəli keçdiyini söyləyə bilərik. Bu həm də onun göstəricisidir ki, Türkiyə regional güc kimi strateji əhəmiyyətini artırmaqdadır”.
Aqil Bəkir