“Türkiyə Qara dəniz regionunda Rusiyanı xeyli üstələyir” – Ukrayna hərbi kəşfiyyatının eks-şefi – EKSKLÜZİV

“Ankaranın siyasəti hətta müttəfiq ölkələrin maraqlarına zidd olsa belə, istisnasız olaraq, öz dövlət mənafelərinin təmin edilməsinə əsaslanır”.

Bu fikirləri Yenicag.ru-ya eksklüziv müsahibəsində Ukrayna hərbi kəşfiyyatının sabiq rəhbəri, ehtiyatda olan general-leytenant Viktor Qvozd deyib.

Ukraynalı generalın sözlərinə görə, Türkiyə ilə Ukrayna arasında bütün sahələr, o cümlədən, hərbi-texniki sferada əməkdaşlıq genişlənməkdədir:

“Türkiyə istər Qara dəniz bölgəsindəki rolu, istərsə də, ikitərəfli iqtisadi-siyasi-hərbi əlaqələr baxımından, Ukrayna üçün vacib ölkə olub və indi də belədir. Bu gün Türkiyə Rusiyanı Qara dəniz regionunda ekpansiya siyasətindən çəkindirən ən böyük gücdür. Türkiyə bu funksiyanı yerinə yetirməkdə həm özünün hərbi-iqtisadi potensialına, həm də NATO üzvlüyünə əsaslanır.

Əgər nüvə silahını nəzərə almasaq, hazırda Qara dəniz bölgəsində Türkiyə öz hərbi potensialı ilə Rusiyanı təqribən bir dəfə yarım nisbətdə üstələyir. NATO-nun imkanlarını, o cümlədən, ABŞ-ın Türkiyənin “İncirlik” aviabazasında yerləşdirdiyi 50-yə qədər nüvə başlığını da – bu rəqəmi prezident Donald Tramp səsləndirib – nəzərə alsaq, bu nisbət iki dəfə artar.

Bundan başqa, Türkiyə Qara dənizin strateji boğazlarına nəzarət edir. Bu, ona bölgədəki siyasətini hətta Rusiyanın maraqları ilə toqquşan istiqamətlərdə də möhkəmləndirmək üçün geniş imkanlar verir. Eyni zamanda, Türkiyə Krımın Rusiya tərəfindən işğalını qanunsuz sayır və Krım tatarlarına dəstəyini əsirgəmir. Buna görə Türkiyəyə minnətdarıq.

Türkiyə bu ilin fevralında öz hərbçilərinin Suriyanın İdlib bölgəsində Rusiyanın dəstəyilə Əsəd qüvvələrinin hücumu nəticəsində qətlə yetirilməsinə cavab olaraq, öz hava məkanından Rusiya hərbi aviasiyasının istifadəsini qadağan etdi. O zaman hətta Türkiyənin Rusiya hərbi gəmilərinin Qara dəniz boğazlarından keçidinə imkan verilməməsi məsələsi də müzakirə olunurdu. Digər tərəfdən, Türkiyə həmin insidentin təkrarlanacağı təqdirdə Rusiyanın ünvanına kəskin təhdidlər səsləndirdi.

Rusiyanın Ukraynaya qarşı təcavüzkar siyasətinə baxmayaraq, Ankara Kiyevlə bir çox sahələr, o cümlədən, hərbi-texniki sahədə əməkdaşlığı genişləndirir. Hazırda Türkiyə ilə Ukrayna arasında icra vəziyyətləri müxtəlif mərhələlərdə olan 50-yə yaxın hərbi-texniki layihə mövcuddur. O layihələr arasında Ukraynanın Türkiyədən altı ədəd “Bayraktar TB2” PUAları və onlar üçün raketlər alması və Türkiyəyə “Akıncı” PUA-ları üçün mühərriklərin göndərilməsi diqqəti cəlb edir.
Hazırda Türkiyə istehsalı olan “Bayraktar TB2” PUA-ları Ukrayna Silahlı Qüvvələri 383-cü məsafədən idarə olunan uçuş aparatları alayında (Qırıcı təyyarələr alayının Starokonstantinovkadakı keçmiş bazası) silahlanmaya qəbul olunub.

Türkiyə bu ilin fevralında Suriyada Əsəd qüvvələrinə qarşı əməliyyatlarda “Bayraktar” PUA-larından intensiv istifadə edib. Bu zaman həmin PUA-lar vasitəsilə Rusiya istehsalı olan çox sayda zenit kompleksləri, həmçinin ən müasir “Pansir-C1” kompleksləri məhv edilmişdi. Onlardan başqa, Türkiyə Ukraynaya müxtəlif radioelektron avadanlıqlar da göndərir. Türkiyənin “Aselsan” şirkəti ABŞ-ın “Harris” şirkəti ilə birlikdə Ukrayna ordusunda UKV və KV rabitə vasitələrinin NATO standartlarına uyğun yenilənməsində iştirak edən əsas xarici tərəfdaşdır.

Türkiyə-Ukrayna hərbi-texniki əməkdaşlığının başqa vacib istiqaməti hərbi gəmiqayırma sahəsidir. Bu çərçivədə korvet və raket katerlərinin birgə layihələşdirilməsi və istehsalı, o cümlədən, Türkiyə hərbi gəmiləri üçün güc mühərriklərinin göndərilməsi kimi məsələlər nəzərdən keçirilir.

Bununla yanaşı, Türkiyənin siyasətində müəyyən ikili yanaşmaların olduğunu da görürük. Baxın, Türkiyə ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarını dəstəkləsə də, onunla ticari-iqtisadi əlaqələrini kəsmir. Bu, hərbi-texniki sahəyə də aiddir. Hamımız bilirik ki, NATO üzvü olan Türkiyənin Rusiyadan S-400 raket komplekslərini alması ABŞ-Türkiyə münasibətlərinin kəskinləşməsinə səbəb oldu.

Bunun da əsas səbəbi budur ki, Türkiyənin siyasəti hətta müttəfiq ölkələrin maraqlarına zidd olsa belə, istisnasız olaraq, öz dövlət mənafelərinin təmin edilməsinə əsaslanır. Türkiyə bu zaman ABŞ-NATO-Avropa Birliyi ilə Rusiya arasında ziddiyyətlərdən yararlanır. Buna görə də Türkiyə özünün geosiyasi və geostrateji mövqeyindən istifadə edərək, daha da güclənməyə can atır”.

Söhbətləşdi:
Qafqaz Ömərov

COP29