Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Türkiyə-Qərb münasibətləri: formal müttəfiqlik real düşmənçiliyə çevrilir

ABŞ Hərbi Hava Qüvvələri komandanlığının nümayəndəsi Heydi Qrant Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi alacağı təqdirdə, NATO texnologiyalarını əldə etməsinə məhdudiyyətlər tətbiq olunacağını açıqlayıb.

Maraqlıdır, niyə ABŞ Türkiyənin Rusiyadan silah-sursat almasına belə qısqanclıqla yanaşır? Niyə bunu özünə təhdid kimi görür?

Politoloq Elşən Manafov Yenicag.az-a açıqlamasında bildirdi ki, Ankaranın NATO üzvü olmasına baxmayaraq, müstəqil siyasət yeritməsi ABŞ-ı narahat etdiyindən Türkiyənin Rusiyadan silah almaqla bağlı addımlarına qısqanclıqla yanaşır:

“Əslində, Türkiyənin ABŞ və Avropa Birliyilə münasibətlərində hazırda yaşanan gərginliyin əsas səbəbkarları elə Vaşinqtonla Brüsseldir. Türkiyə NATO-nun üzvüdür. 2015-ci ilin oktyabrında, yəni Türkiyə hava qüvvələri tərəfindən Rusiyaya məxsus hərbi təyyarə vurulduqdan sonra ABŞ-da Ankara ilə Moskva arasında gərginliyin yaşana biləcəyilə bağlı proqnozlar səslənməyə başladı. Təbii ki, bir müddət bu istiqamətdə gərginlik də yaşandı. Gərginlik yaşanan dövrdə nə ABŞ, nə də NATO həmin situasiyadan öz maraqları naminə istifadə edə bilmədi. Əksinə, ABŞ NATO-ya məxsus hərbi avadanlıq və texnologiyanın Türkiyə tərəfindən alınması məsələsinə passiv və seyrçi yanaşdı. Nəticə etibarı ilə Ankara ilə Vaşinqton arasında gərginlik daha da yüksəldi.

Digər tərəfdən, iki ölkə arasında yaşanan gərginliyə Türkiyə dövləti əleyhinə çevrilişə cəhddə ittiham olunan Fətullah Gülənin ABŞ-dan ekstradisiyasına Vaşinqtonun razılıq verməməsi də ciddi təsirlərini göstərib. ABŞ Ədliyyə Nazirliyinin müxtəlif bəhanələr gətirərək, Güləni qaytarmaqdan imtina etməsi onu göstərir ki, bu insan əslində, ABŞ-ın xüsusi xidmət orqanları ilə əlaqədə olan bir şəxsdir. Avropa Birliyilə Türkiyə arasında gərginlik də uzun illərdir ki, yaşanır. 40 ildən çoxdur ki, AB Ankaranı öz sıralarına qəbul etmək istəmir. Baxmayaraq ki, Türkiyə AB-nin onun qarşısında qaldırdığı bütün tələb və tövsiyyələri yerinə yetirib. Onun nəticəsində Türkiyə qanunvericiliyində ciddi dəyişikliklər edildi. Bununla yanaşı, AB öz qapılarını Türkiyəyə açmaq fikrində olmadığını ötən il bir daha bəyan etdi. AB-nin əsas üzvlərindən olan Almaniyanın erməni diasporasının səyləri nəticəsində, 1915-ci il hadisələrinə görə Osmanlı dövlətini ittiham edərək, Ankaranı qınaması təbii ki, Türkiyə Berlin münasibətlərində gərginliyin kulminasiya nöqtəsinə çatmasına səbəb oldu.

Türkiyə həmçinin israrla ABŞ-dan tələb edir ki, Suriyada terrorçu PKK-nın qanadlarını maliyyələşdirməyi dayandırsın. Lakin buna baxmayaraq ABŞ-ın Suriyanın şimalındakı kürd terrorçularına dəstək verərək, onları silahlandırmaqda davam etməsi sözsüz ki, Ankaranın ciddi etirazına səbəb olmalı idi. Son həftə ərzində NATO-nun Norveçdə keçirilən hərbi təlimlərində düşmən hədəfi olaraq Atatürklə Ərdoğanın portretlərinin hədəf seçilməsi AKP iqtidarının qəzəb və nifrətinə səbəb olmaya bilməzdi. Ərdoğanın bəyanatından sonra NATO baş katibinin məsələ ilə bağlı verdiyi açıqlamaya baxmayaraq, proses onu göstərir ki, Türkiyə bu hərbi qurum və ABŞ-la münasibətlərini yeni müstəviyə keçirtmək məcburiyyətindədir. Ümumiyyətlə, Qərb bu addımları ilə Türkiyəni sadəcə olaraq, Rusiya ilə əməkdaşlığa məhkum etdi Təbii ki, Türkiyə Rusiyaya sığınmayıb. Ankara ilə Moskva arasında müəyyən məsələlərdə fikirayrılığı qalmaqda davam edir. Düzdür, tərəflər Soçi görüşündə bəyan etdilər ki, siyasi, iqtisadi və hərbi sahədə əməkdaşlığı genişləndirməkdə maraqlıdırlar. Əslində, Türkiyənin NATO ilə əməkdaşlıqdan müəyyən mənada imtina edərək, Rusiya ilə hərbi əməkdaşlığı genişləndirməsi təbii ki, Ankaranın blok üzrə müttəfiqlərinin günahıdır.

Vəziyyətin bu cür alınmasının məsuliyyəti məhz Qərbin boynuna düşür. Türkiyə ilə Rusiya arasında meydana gələn yaxınlıq isə regional təhlükəsizlik və milli təhlükəsizlik maraqları baxımından Azərbaycan dövlətinin də maraqlarına cavab verir. Türkiyə, Rusiya, İran və Azərbaycanın iştirakı ilə yeni regional təhlükəsizlik koalisiyasının yaradılması da təbii ki, ABŞ-la Qərbi ciddi şəkildə narahat edir. Düşünürəm ki, belə bir regional təhlükəsizlik koalisiyasının yaradılması orada iştirak edən bütün dövlətlərin maraqlarına cavab verir. Ona görə də bu kontekstdə Türkiyənin Qərblə münasibətlərində yaşanan gərginliyin əsas səbəbkarı məhz ABŞ, ilk növbədə də Tramp administrasiyasıdır”.

ELÇİN

www.yenicag.az

1430
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM