Reklam: High Technic
hightechnic

“Türkiyə-Rusiya münasibətləri sınaq dövrünü yaşayır” - Türkiyəli politoloq

“İdlibə hücum Türkiyənin həyata keçirdiyi uğurlu “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatlarının nəticələrini də aradan qaldıracaq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Suriyanın İdlib bölgəsinə hücum məsələsində Türkiyə ilə Rusiya arasında yaranmış ziddiyyətləri şərh edən politoloq Salih Yılmaz deyib.

Salih Yılmazın fikrincə, Türkiyənin İdlibdə hərbi gücünü artırması təhlükəsizliyin təmin olunması və Əsəd qüvvələrini çəkindirmək baxımından zəruridir:
“Suriyada vətəndaş müharibəsinin başlamasından sonra bu ölkədəki müxalifətin əsas ümid yeri Türkiyədir. Rusiyanın 2015-ci ildən etibarən Suriyadakı proseslərə hərbi müdaxiləsindən sonra Türkiyə-Rusiya münasibətlərində bir neçə dəfə böhranlı vəziyyət yaransa da, ABŞ-ın cəhdlərinə baxmayaraq, Ankara ilə Moskva aralarındakı problemləri aradan qaldıra bildilər. Məhz qarşılıqlı etimadın bərpasından sonra Rusiya, Türkiyə və İran Suriya böhranının nizamlanması istiqamətində birgə və təsirli addımlar atmağa başladılar.

Ancaq bir müddət əvvəl İdlibdə məskunlaşmış müxalifət qüvvələrinin “terrorçu” adlandırılmaları və onlara qarşı hücum hazırlanması vəziyyəti dəyişir. Yəni Türkiyə istiqamətində bir güllə belə atmayan müxaliflərin terrorçu sayılmaları və onların məhvinə cəhd göstərilməsi Ankaraya yönəlik etimada ciddi zərbə vura bilər.

Eyni zamanda, İdlibə hücumun da Türkiyənin PKK-PYD terrorçularına qarşı apardığı əməliyyatlara mənfi təsir göstərəcəyi nəzərə alınmalıdır. Bundan başqa, İdlibə hücum Türkiyənin bölgədə yaratdığı müşahidə məntəqələrinin əhəmiyyətini heçə endirir. Çünki həmin məntəqələrdə hərbi əməliyyatlar başlayarsa, o halda İranyönümlü qruplaşmalar və Əsəd qüvvələrinin əraziyə sızmaları asanlaşar.

Ən əsası, İdlibə hücum zamanı yarana biləcək xaos Suriya xalqının inamını sarsıtmaqla yanaşı, Türkiyənin həyata keçirdiyi uğurlu “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatlarının nəticələrini də aradan qaldıracaq. Bu isə o deməkdir ki, Suriyalı qaçqınların geri dönmələri ən azı 2-3 ildən sonra mümkün olacaq.

Moskvadan verilən bəyanatlara nəzər salsaq görərik ki, Rusiyanın təhlükəsizliyinin təmin olunacağı təqdirdə, İdlibdə irimiqyaslı hərbi əməliyyatlar keçirilməyəcək. Hər halda, qafqazlı muzdluların Hmeymimdəki Rusiya bazalarına hücumları dayandırması ilə Moskvanın bu narahatlığı artıq aradan qalxmalıdır. Əslində isə Rusiya daha çox Əsəd rejiminin təhlükəsizliyini düşünür. Çünki Rusiyanın Suriyadakı mövcudluğu bu amildən asılıdır.

İndiki şəraitdə İdlib bölgəsinin yarısının Əsədin nəzarətinə verilməsi mümkün deyil. Tehran sammitində yaranan mübahisələr də göstərir ki, Türkiyə özünün İdlibdəki hərbi gücünü artıracaq. Bu çərçivədə İdlibin cənubunda hərbi baza tikintisinin başa çatdırılması qeyd olunmalıdır. Türkiyənin İdlibdə hərbi gücünü artırması həm təhlükəsizlik, həm də Əsəd qüvvələrini çəkindirmək baxımından vacibdir.

İdliblə bağlı yaranmış fikir ayrılıqlarını belə ifadə etmək olar ki, hazırda Türkiyə-Rusiya münasibətləri Suriyada sınaq dövrünü yaşayır. Əgər bu ölkələr Suriyadakı proseslərlə bağlı ortaq məxrəcə gəlsələr, o zaman digər sahələrdə də əməkdaşlığı dərinləşdirə biləcəklər”.

A.Zeynalov

www.yenicag.az

1103