Türkiyə, Rusiya və İran Suriyanın parçalanmasına imkan verməyəcək – Ankara danışıqlarının nəticələri

Türkiyə, Rusiya və İran deyəsən Yaxın Şərqin yeni konturlarını çəkirlər. Belə ki, Ankarada bu üç ölkənin dövlət başçıları, Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhani arasında Suriya məsələsi ətrafında gedən danışıqlarda həmin dövlətin gələcəyi, Konstitusiyası ilə bağlı ümumi razılığa gəlinib.

Onlar Suriyanın ərazi bütövlüyü və suverenliyinin qorunması üçün birgə addımlar atmaq qərarına gəliblər. Buradan belə görmək olar ki, Suriya ətrafında Moskva, Ankara və Tehranın mövqelərində ümumən uzlaşma əldə olunub.

3 dövlət arasında əldə olunan həmin razılaşmanı Yenicag.az-a açıqlamasında dəyərləndirən politoloq Elşən Mustafayev bildirdi ki, bu ölkələr Suriyanın parçalanmasına imkan verməyəcəklər.

Ekspert eyni zamanda onu da qeyd etdi ki, bütün hallarda onlar Suriyanın ABŞ-ın nəzarətində olan ərazilərinə də nəzarət etmək gücündə deyillər:

“Bildiyiniz kimi, Türkiyənin Afrin əməliyyatları zamanı Rusiya susqunluq nümayiş etdirdi. Hətta Əsəd rejiminin özü bu məsələyə elə də ciddi təpki göstərmədi. Eyni zamanda, İran da Afrin əməliyyatları zamanı Türkiyəyə həmrəy oldu. Bu amillər artıq Suriya məsələsində həmin 3 dövlətin maraqlarının əhəmiyyətli hissəsinin üst-üstə düşdüyündən xəbər verir. Onun nəticəsidir ki, hazırda həmin 3 ölkə Suriyada eyni mövqedən çıxış edirlər.

Bilirsiniz ki, məhz Qərb tərəfindən PKK-nın Suriya qolu olan PYD/YPQ-yə verilən dəstək, onların silahlandırılması Türkiyəni öz təhlükəsizliyini qorumaq üçün məhz Rusiya ilə yaxınlaşmağa məcbur etdi. Qərbin Rusiya və İranla münasibətləri gərgindir. İranla ABŞ arasında Obama dövründə yumşalan münasibətlər Trampın siyasəti nəticəsində yenidən gərginləşir. Bu fonda deyə bilərik ki, münasibətlərin belə davam edəcəyi təqdirdə, Ankara, Tehran və Moskva Əsədin hakimiyyətdə qalıb qalmamasından asılı olmayaraq, heç bir halda Suriyanın parçalanmasına imkan verməyəcəklər. Ona görə də onlar hər vəclə çalışır və çalışmaqda davam edəcəklər ki, Suriya Qərb dövlətlərinin təsiri altına düşməsin. Bu istiqamətdə birgə addımlarını davam etdirəcəklər. Amma ona nə qədər nail olacaqları məsələsi sona qədər dirəniş göstərsələr də sual altındadır. Bütün hallarda həmin üçlüyü ABŞ-a qarşı yeni bir ittifaqın yaranması kimi qiymətləndirmək olar. Lakin bütün hallarda əmin deyiləm ki, Ankarada əldə olunan razılaşma Suriyaya sülh gətirsin. Çünki, hələ də Suriyanın bir hissəsi ABŞ-ın dəstəklədiyi qüvvələrin nəzarətindədir.

Ona görə də, sözügedən üç dövlət ABŞ-ın nəzarətində olan bölgələrə müdaxilə edə bilməz. Onların bu istiqamətdə hərəkətə keçməsi isə artıq böyük dövlətlər arasında toqquşmaya gətirib çıxara bilər. Hər iki tərəf bölgədə sülhün bərqərar olmasını istəyəcəksə, danışıqlar olacaq. Əks halda, tərəflər bir-birinə qarşı açıq şəkildə müharibə edəcəklər, sadəcə olaraq bu zaman məkan Suriya olacaq. Hər halda Rusiya, Türkiyə və İranın Suriya daxilində hansısa bir işi görmək şansları vardır”.

ELÇİN

COP29