Şimali Kipr rəhbərliyi Lefkoşa və Girnə şəhərləri arasında yerləşən Taşkent kəndi yaxınlığına raket düşməsi faktını BMT-yə və bəzi ölkələrin diqqətinə çatdırıb. Türkiyə tərəfi bu məsələdə Şimali Kiprin yanındadır.
Yenicag.az xəbər verir ki, bu fikri məlum hadisə ilə bağlı AZƏRTAC-ın xüsusi müxbirinin sorğusuna cavab olaraq Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy ifadə edib.
Qeyd edək ki, hadisə yerində müayinə aparan AFAD (Yardım və Fövqəladə Vəziyyət Təşkilatı) mütəxəssislərinin ilkin rəyinə görə, partlayış baş verən ərazidə kimyəvi və reaktiv tərkib müşahidə olunmayıb.
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Şimali Kiprin rəhbər şəxsləri ilə telefon danışığı zamanı hadisəni müzakirə edib.
Xatırladaq ki, iyulun 1-də gecə saatlarında Şimali Kiprdə baş verən partlayış və alov adada böyük vahimə yaradıb. Ehtimal edilir ki, partlayış və yanğın Suriya ərazisindən atılan “S-200” raketi nəticəsində baş verib. Şimali Kipr KİV-ləri hadisə yerində raket qalıqlarının olduğunu təsdiq edən orijinal fotolar yayıblar.