Türkiyə-Suriya yaxınlaşması: Əlaqələrin yenidən qurulmasını istəməyən qüvvələr hansılardır?

“Ötən həftənin çərşənbə günü Suriya prezidenti Bəşər Əsəd Moskvaya səfəri baş tutdu. Səfər çərçivəsində Bəşər Əsəd və rusiyalı həmkarı Vladimir Putin arasında görüş oldu”.

Bu sözləri Yenicag.az-a açqılamasında politoloq Sultan Zahidov deyib.

Siyasi təhlilçi Bəşər Əsəd-Vladimir Putin görüşündən sonra baş tutması gözlənilən Ərdoğan-Əsəd görüşündən söz açıb.

Onun sözlərinə görə, Rusiya prezidentinin mətbuat xidmətinin verdiyi açıqlamaya görə, tərəflər arasında ticari-iqtisadi və digər sahələr üzrə əməkdaşlıq, o cümlədən də Yaxın və Orta Şərqdəki təhlükəsizlik məsələləri müzakirə olunub:

“Görünən odur ki, müzakirə masasında Qəzzadakı hərb və eyni zamanda, Suriyanın sözügedən müharibə kontekstində İsrail tərəfindən gördüyü təhdid müzakirə olunmuş məsələlərdən biri olub. Aydın məsələdir ki, Bəşər Əsəd rejimi İsrailin hər an Suriyaya hücum etməsindən çəkinir. Bu baxımdan, Əsədin əsas dayağı burada Rusiyadır”.

S. Zahidovun fikrincə, ikinci bir vacib məsələ isə Suriya-Türkiyə münasibətləridir:

“Bilirik ki, 2011-ci ildə Suriyada etiraz dalğaları geniş vüsət aldıqdan sonra Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan mütəmadi şəkildə üsyançıları dəstəkləmiş və Bəşər Əsədin hakimiyyətdən getməsini istəmişdir. Lakin bir neçə ildə Türkiyənin mövqeyində müəyyən dəyişikliyin baş verməsinin şahidi oluruq. Ərdoğan öz bəyanatlarında bildirmişdi ki, Suriyanın şimalındakı terror koridorunun qarşısını almaq üçün Dəməşq administrasiyası ilə münasibətlərə yenidən baxmağa hazırdır. Bəşər Əsəd də eynilə Türkiyə ilə münasibətləri düzəltməyin lehinə olduğunu bildirib”.

Politoloqun qənaətinə görə, istisna olunmur ki, bu məsələdə hər iki tərəfi bir-birinə yaxınlaşdıracaq dövlət də məhz Rusiyadır:

“Çünki Putinin hər iki ölkə ilə müsbət əlaqələri mövcuddur. Bu baxımdan, ehtimal olunurdu ki, Moskvada da belə bir görüş baş verə bilər. Ancaq Türkiyə mediası və bu ölkənin diplomatik mənbələri belə görüşün olacağını təkzib etdi və sözügedən görüş Moskvada baş tutmadı. Amma gələcək dövrlərdə Rusiyanın vasitəçiliyi ilə Türkiyə və Suriya rəhbərləri arasındakı görüşün baş vermə ehtimalı yüksək qiymətləndirilir. Aydın məsələdir ki, burada Türkiyənin əsas istəyi Türkiyədə yerləşən 3 milyondan çox suriyalı qaçqının yenidən öz ölkələrinə qaytarılması məsələsidir ki, bunun üçün də Ərdoğanın Bəşər Əsədlə müzakirələr aparmağı vacibdir. Türkiyəni narahat dən digər məsələ isə Suriyadan Türkiyəyə qarşı olan terror təhdididir. Bilirik ki, Suriyada PYD/YPG qruplaşmaları mövcuddur ki, onlar Türkiyəyə terror təhdidi göstərirlər”.

“Bu məsələlərin həlli üçün, sözsüz ki, hər iki tərəf arasında görüşlərin baş tutma ehtimalı mövcuddur. Amma görüşün baş tutmasının istəməyən güclər də çoxluq təşkil edir. İlk növbədə, Türkiyənin üzv olduğu NATO və kollektiv Qərb Türkiyə-Suriya yaxınlaşmasını istəməyəcək. Digər tərəfdən, Türkiyənin daxilində Prezident Ərdoğana müxalif partiyalar bu görüşdən istifadə edərək, Ərdoğana və partiyasına qarşı qara PR kampaniyası həyata keçirə bilərlər. Çünki Ərdoğan uzun illərdir ki, Bəşər Əsədi tənqid edir, onu avtoritar şəxs adlandırırdı. Bütün bu nüansları Türkiyə rəhbərliyi nəzərə almalıdır və bundan sonra artıq görüşlə bağlı vacib qərar qəbul olunacaq. LakinT istənilən halda, mənə elə gəlir ki, hazırda Yaxın və Orta Şərqdə davamlı hərbi eskalasiya baş verməkdədir və onun aradan qalxması üçün dövlətlər arasında görüşlərin baş tutması bütün və bütün problemli məsələlərin masa üzərində müzakirə olunması labüddür”, – deyə o, fikirlərini tamamlayıb.

Rafi Müslümov

COP29