Türkiyə Suriyada kürdlərlə bağlı QƏRAR VERDİ: “Ən böyük strateji təhdidə çevrilib”

“Türkiyənin Suriyadakı məqsədləri Əsədin devrilməsindən daha çox regionda kürdlərin güclənməsinin qarşısını almağa yönəlib”.

Yenicag.az xəbər verir ki, bunu Suriyada baş verən prosesləri Türkiyə kontekstində dəyərləndirən türkiyəli analitik Halil Karaveli deyib.

Onun sözlərinə görə, Türkiyənin Bəşər Əsədin devrilməsinə can atdığı dəqiq deyil:

“Lakin Türkiyə Suriyada Əsədin devrilməsini hədəfləyərək cihadçıları sərbəst buraxmağa qərar verə bilərdi. Nə olursa-olsun, Türkiyənin Suriyadakı məqsədləri dəyişməzdir. Bu prosesdə Türkiyə üçün ən böyük təhdid ABŞ və İsrail tərəfindən dəstəklənən kürd proto-dövlətinin yaranmasıdır. Nəticə isə Suriyanın parçalanmasına apara bilər”.

Analitikin fikrincə, Suriyadakı vəziyyətin dəyişməsi ilə Türkiyənin siyasətində də müəyyən dəyişikliklər hiss olundu:

“İndi Suriyadakı gərginlik ideoloji motivlərdən daha çox strateji məqsədlərə yönəldilir. Türkiyənin XİN rəhbəri Hakan Fidanın vurğuladığı kimi, Türkiyə Suriyada plüralist və bütün etnik və dini qrupları əhatə edən hökumətə ehtiyac duyur. Nəzərə almaq lazımdır ki, Suriyada kürdlərin güclənməsi Türkiyə üçün ən böyük strateji təhdidə çevrilib. Türkiyənin müdaxiləsi bölgədəki gücünü və təsirini qorumağa yönəlmiş olsa da, digər tərəfdən, kürd qüvvələrinin güclənməsi ciddi problem deməkdir. Kürdlər İsrail və ABŞ tərəfindən dəstəklənərək, Suriyanın böyük hissəsini nəzarət altına alıb və regional sabitliyi təhlükə ilə qarşı-qarşıya qoyub. Bir sözlə, Türkiyənin Suriyadakı məqsədləri Əsədin devrilməsindən daha çox regionda kürdlərin güclənməsinin qarşısını almağa yönəlib”.

Nəsimi Ələsgərli