Türkiyə Suriyada yeni oyunçuya ÇEVRİLİR: “Hətta ABŞ belə bu prosesə mane ola bilməz”

“Əlbəttə ki, Türkiyənin Suriyanın bərpası prosesində iştirakı xüsusi strateji əhəmiyyətə malikdir. Çünki prosesin əsas hərəkətverici qüvvəsi məhz Türkiyədir”.

Bu sözləri Yenicag.az-la söhbətində politoloq Natiq Miri deyib.

Siyasi təhlilçi Suriyanın yenidən formalaşdırılması məsələsində Türkiyənin rolundan söz açıb.

N. Miriyə görə, bu gün Suriya hökumətinin legitimləşməsi, idarəetmə strukturlarının formalaşdırılması, Suriyaya tətbiq olunan sanksiyaların aradan qaldırılması və inkişaf etmiş, həmçinin regional və qlobal dövlətlərlə diplomatik əlaqələrin qurulması məsələlərində avanqard rolunu Türkiyə oynayır:

“Türkiyə bu prosesləri stimullaşdırır, təşəbbüsləri həyata keçirir və lazımi yardımları təmin edir. Artıq Suriya izolyasiya edilmiş bir dövlət statusundan çıxaraq, tədricən diplomatik münasibətlər qurmağa və digər dövlətlər tərəfindən tanınmağa başlayıb. Bu isə onu gələcəkdə daha sabit və beynəlxalq münasibətlərdə təsirli bir aktora çevirir”.

Analitikin fikrincə, Suriya üçün əsas məsələlərdən biri iqtisadi dirçəliş və stabilliyin təmin olunmasıdır:

“Bu, milli hökumətin formalaşdırılmasını, bütün etnik qrupların iştirakı ilə vahid hakimiyyət strukturunun yaranmasını və silahlı qüvvələrin vahid bir ordu daxilində birləşdirilməsini tələb edir. Türkiyə burada da əsas rol oynayan, məsləhət verən və proseslərdə bilavasitə iştirak edən dövlətdir. Türkiyənin razılığı olmadan heç bir dövlət, hətta ABŞ belə bu prosesə mane ola bilməz. Əgər belə bir cəhd olarsa, bu, həmin dövlətin mövqeyinin zəifləməsinə səbəb olacaq. Çünki dünənə qədər ABŞ Bəşər Əsədi müharibə cinayətləri törətməkdə günahlandırır və onun devrilməsini məqsəd kimi irəli sürürdü. İndi isə ABŞ-nin Əsəd rejiminə yanaşmasındakı ziddiyyətli mövqe Suriyadakı proseslərə müdaxilə etmək istəyini açıq şəkildə göstərir”.

Politoloqun dediyinə görə, hazırkı razılaşma Türkiyə və Suriya arasında tam bir həmrəylik təmin edib:

“Bu razılaşmaya görə, heç bir muxtariyyət və ya xüsusi hüquqların tanınması mümkün deyil. Suriya vahid, bütöv və unitar bir dövlət olaraq qalmalıdır. Bütün silahlı qruplar silahı yerə qoymalı və yalnız ciddi yoxlanışdan sonra Suriya ordusunda xidmət edə bilərlər. Bu razılaşma Türkiyənin geosiyasi maraqlarını qoruyur və eyni zamanda, Suriyanın gələcəyini formalaşdırır. Bundan əlavə, bu proses İsrailin Suriyadakı işğal siyasətinə qarşı təsirli bir tədbir hesab edilir. Çünki Türkiyə İsrailin Suriyadakı mövcudluğuna mane ola biləcək yeganə gücdür”.

“Bu kontekstdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın gələcək Suriya səfəri də strateji əhəmiyyət daşıyır. Bu hadisə yalnız Türkiyə və Suriya münasibətlərini deyil, eyni zamanda, Azərbaycanın da bu prosesdə iştirakını təmin edir. Beləliklə, türk dünyasının Yaxın Şərqdəki mövqeləri daha da güclənir. Bu tarixi proseslər bir daha göstərir ki, XXI əsr türk əsri olaraq tarixə düşməkdədir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov