Türkiyə və ABŞ qarşılıqlı şəkildə sanksiyaları ləğv etdi

ABŞ Türkiyənin iki nazirliyinin rəhbərini – daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gülü sanksiya siyahısından çıxarıb.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb. Türkiyə tərəfi də buna cavab olaraq Birləşmiş Ştatların müvafiq vəzifəli şəxslərinə tətbiq etdiyi sanksiyaları aradan qaldırmağı qərara alıb.

Xatırladaq ki, 2016-cı ildə Türkiyədə həbs olunan amerikalı pastor Endryu Bransonun işi ilə əlaqədar Vaşinqtonla Ankaranın münasibətləri xeyli gərginləşmişdi. 2016-cı ildə həbs edilən amerikalı keşiş dövlət çevrilişinə cəhddə əli olmaqda və PKK ilə əlaqədə şübhəli bilinirdi. Avqust ayının əvvəllərində ABŞ-ın Maliyyə Nazirliyi Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soyluya qarşı “insan haqlarının ciddi pozulması” ittihamı ilə sanksiya tətbiq etmişdi.

Bundan sonra ABŞ Prezidenti Donald Tramp Türkiyədən idxal edilən alüminium və poladın rüsumlarını artırmışdı. Ankara isə buna cavab olaraq Amerika istehsalı olan bir sıra məhsulların rüsumunu qaldırmışdı.

ABŞ-Türkiyə münasibətlərində yaranmış gərginlik bu il oktyabrın 12-də İzmir məhkəməsinin amerikalı keşişin azadlığa buraxılması barədə qərarından sonra yumşalmağa başlayıb.

COP29