“Türkiyə və İran S-400 raketlərini alırlarsa, deməli, ABŞ-ın analoji silahı rəqabətə davamsızdır” – Hərbi ekspert

“ABŞ-ın Hindistana müasir silah satışını dayandırması ilk növbədə Vaşinqtonun ziyanına olacaq”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində ABŞ-ın Hindistanın Rusiyadan S-400 raket kompleksləri almaq niyyətinə qarşı mümkün addımlarını və dünya silah bazarındakı yeni tendensiyaları şərh edən Rusiyalı hərbi ekspert, Cənub-Qərb Dövlət Universitetinin professoru Vladimir Markovçin deyib.

Vladimir Markovçinin fikrincə, ABŞ-ın S-400 raketlərinə görə Hindistana qarşı tətbiq edəcəyi sanksiyalar ilk növbədə onun özünə mənfi təsir göstərəcək:

“Tramp yəqin ki, günün ruhuna uyğun olaraq, bir neçə tvit paylaşacaq, Hindistanı sanksiyalarla və investisiya qoyuluşunu azaltmaqla təhdid edəcək, Dövlət Departamenti vasitəsilə mediada səs-küy salmağa çalışacaq. Bundan artıq nəsə edə bilməz.

Çünki Hindistan “qısa tuman” geyinmək, öz sərvətlərinin talanmasına qarşı müqavimət göstərə bilməyən dövlət vəziyyətini çoxdan geridə qoyub. Bu ölkə nüvə silahına malikdir, iqtisadiyyatı xeyli böyüyüb və əhalisinin sayına görə dünyada ikinci yerdədir.

Digər tərəfdən, Hindistanın ABŞ-a ixracatının həcmi oradan idxal etdiyi məhsulların həcmindən 10 milyard dollar çoxdur. Bu 10 milyardlıq müsbət saldo isə Hindistanın ümumi ixracatının 1/22 nisbətindədir. Yəni ABŞ Hindistandan idxal olunan mallara rüsumu artırmaqla ciddi uduş əldə etməyəcək. ABŞ-ın Hindistana müasir silah satışını dayandırması da ilk növbədə Vaşinqtonun ziyanına olacaq.

Eyni zamanda, ABŞ-ın Rusiya, Çin, Türkiyə və İran kimi ölkələrə qarşı tətbiq etdiyi sanksiyalar elə Amerikanın özünə də mənfi təsir göstərir. Bu ölkələrin qarşılıqlı ticarətdə dollardan imtinası da vurğuladığımız neqativ təsiri artırır”.

Markovçin belə hesab edir ki, bir sıra ölkələrin Rusiyadan silah almağa can atması ABŞ istehsalı olan müasir silahların rəqabət göstəricilərinin aşağı düşməsindən qaynaqlanır:
“ABŞ İkinci Dünya Müharibəsindən sonra “azad dünya”nın əsas himayəçisi obrazında maskalanmışdısa, bu ölkə SSRİ-nin dağılmasından sonra özünü “soyuq müharibə”nin qalibi və dünyanın mütləq hegemon dövləti elan edib. Ancaq ABŞ bu “qələbə”sini bayram etməyə o qədər aludə oldu ki, Çinin iqtisadi sıçrayışına və Rusiyanın dirçəlməsinə diqqət yetirə bilmədi.

Aydındır ki, hazırda ABŞ “dünya jandarmı” rolundan imtina etmək istəmir. Ancaq dünya artıq çox dəyişib. Əgər ABŞ alıcıları razı salan rəqabət qabiliyyətli məhsul istehsal edə bilmirsə, bu, onun heç kəsə dəxli olmayan daxili problemidir. Türkiyə və İran S-400 raketlərini alırlarsa, deməli, ABŞ-ın analoji silahı rəqabətə davamsızdır. Əlbəttə, ABŞ-ın silah ixracı çevrəsinin daralması istehsalçıların maraqlarına vurulan “qurşaqdan aşağı” zərbədir. Onlar bunun baş verməməsi üçün gərginləşirlər və özlərinin dar maraqlarını dövlət maraqları ilə dəyişik salırlar”.

Söhbətləşdi Qafqaz Ömərov