Salih Yılmaz: “Türkiyə və Rusiyanın hərbi əməkdaşlığı asılılığa çevrilməməlidir” – VİDEO

“Müdafiə sənayesi məhsullarının qarşılıqlı ixracatı münasibətlərin dərinləşməsinə müsbət təsir göstərər”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Türkiyə ilə Rusiya arasında hərbi əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirən Rusiya Araşdırma İnstitutunun (RUSEN) rəhbəri, professor Salih Yılmaz deyib.

Salih Yılmazın sözlərinə görə, Türkiyə və Rusiyadan olan zabitlər hər iki ölkənin Silahlı Qüvvələrində xidmət keçə bilərlər:
“Hazırda Suriya böhranının nizamlanması prosesində Türkiyə ilə Rusiya arasında sıx əməkdaşlıq qurulub. Ankaranın Moskvadan S-400 raket komplekslərinin alınmasında israrlı mövqeyi iki ölkənin hərbi və müdafiə sahələrində əməkdaşlığı genişləndirmək üçün imkanlar yaradır.

S-400-lərin hava hücumundan müdafiəni tam təmin edə bilməmələrini nəzərə alaraq, orta mənzilli analoji raketlərin istehsalı üçün birgə müəssisə yaradıla bilər.

Türkiyə Rusiyadan S-400 raket komplekslərini aldığı kimi, Rusiyanın da Türkiyədən ATAK helikopterləri, ALTAY tankları və pilotsuz uçuş aparatları alması mümkündür. Müdafiə sənayesi məhsullarının qarşılıqlı ixracatı münasibətlərin dərinləşməsinə müsbət təsir göstərər. Eyni zamanda, hərbi sahədə əməkdaşlıq asılılığa yox, tərəfdaşlığa çevrilməlidir.

Türkiyə ordusunun NATO, Rusiya ordusunun isə Sovet sistemi əsasında qurulduğunu nəzərə alsaq, iki ölkənin ali hərbi məktəblərində tədris mübadiləsinin aparılması müsbət irəliləyiş olardı. Bu halda Türkiyə və Rusiyadan olan zabitlərin hər iki ölkənin Silahlı Qüvvələrində xidmət keçmələrinə də şərait yaranar, həmçinin qarşılıqlı hərbi təlimlərin təşkili asanlaşar.

Bununla belə, Türkiyə və Rusiya gələcəkdə qarşılıqlı münasibətlərə zərbə vura biləcək Qarabağ, Krım və Şimali Kipr məsələlərinin həllinə yönəlik birgə səylər göstərməlidirlər. Əks halda, kənar qüvvələr Türkiyə-Rusiya münasibətlərini pozmaq üçün həmin problemlərdən faydalana bilərlər”.

A.Zeynalov

COP29