“Türkiyə xilas oldusa deməli, bölgə xilas oldu” – Video

unnamedTürkiyə xilas oldusa deməli, bölgə xilas oldu” – Ordu vilayətinin valisi İrfan Balkanlıoğlu – Eksklüziv – VİDEO

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, “Eurasia Media Network”un təsisçisi Umud Mirzəyev Türkiyənin Ordu vilayətinin valisi İrfan Balkanlıoğludan müsahibə alıb.

Müsahibəsində İrfan Balkanlıoğlu iyulun 15-də Türkiyədə baş verən çevriliş cəhdi və cəhdin ölkənin siyasi vəziyyətinə təsiri, həmçinin, Ordu vilayətinin istisadi potensialı və turizm imkanları haqqında məlumat verib. ‪
“Eurasia Diary” analitik informasiya portalı müsahibəni təqdim edir.

U.Mirzəyev: 15 iyul yaddaşlarda Türkiyədə çevrilişə cəhdin reallaşdırıldığı qorxunc gün kimi yazıldı. Siz o günü necə xatırlayırsınız? Bu hadisə ümumiyyətlə baş verməyə bilərdimi? Türkiyəni qarışdırmaq istəyənlərin məqsədi nə idi?

İ.Balkanlıoğlu: 15 iyul Türkiyə tarixində qara bir ləkədir. Çünki, demokratik bir ölkədə hökümət seçki prosesi ilə seçilir. Vaxtı bitdiyində isə, sandıq yenə millətin qarşısına qoyular və seçki ilə gələn elə seçki ilə gedər. Amma, uzun illər Türkiyə tarixində dırnaqarası bir adət mövcuddur. Əsgərlər türk deyimləri ilə desək, qazan qaldırırlar. Yəni, bu və ya digər səbəblərlə hakimiyyəti ələ almaq istəyirlər. Tarix göstərir ki, belə anda bütün ordu bu tip hərəkətə dəstək olur. Biz ona “darbe” deyirik. Ayın 15-i baş tutan çevrilişə cəhd həm Türkiyə xalqına, həm də Türk ordusuna qarşı yönəlmişdi. Türkiyə ordusu rəhbərliyinin böyük bir hissəsinin bu cəhdən xəbəri olmayıb və onlar belə bir çevrilişə qarşı olublar. Sadəcə, ordunun daxilindəki bir quldur dəstəsi həm orduya rəhbərliyi ələ keçirmək, həm höküməti devirmək və nəhayət Türkiyə cumhuriyyətini ələ keçirməyə cəh etdi. Amma, həm ölkə prezidentinin, həm də Türkiyə xalqının sağlam düşüncəsi, ağlı və Allahın da köməyi ilə həmin quldurlar istəklərinə çata bilmədilər. Xalq onları dəstəkləmədi. Prezident xalqa çağırış etdi və insanlar küçələrə çıxdı. Tankların, topların qarşısında dayandılar. Bəli, 10 minlərlə insan bunu etdi. Həmin insanlar tankları ələ keçirdilər. Quldurlar geri çəkilmək məcburiyyətində qaldılar. Polislər isə həmin quldurları ələ keçirdi. Xalq da bu işdə polisə yardım etdi. Təşəbbüs uğursuzluqla nəticələndi.
Hazırda ədalət qarşısında cavab verəcəklər. Lakin, bu hadisələrdə acı görüntülərin də şahidi olduq. Şəhidlər verdik. Təsəvvür edin, xarici düşmənlərə qarşı istifadə üçün xalqın pulu ilə alınan silahlar həmin gün xalqa doğru çevrildi. Sadə insanlara atəş açdılar, parlamentə top atdılar, polisə hücum etdilər, polis idarələrinə bomba atdılar. 52 polisimizi şəhid verdik. Ümumilikdə 250-yə yaxın şəhidimiz, 1500-2000 yaralımız var.

Ağır nəticə oldu bizim üçün. Xalqın dəstəyi, hökümətin cəsarəti ilə bu hadisə sadəcə bir acı hal kimi yaddaşlarda qaldı. Lakin, təhlükə və təhdidlər bitmədiyindən xalq və hökümət oyaqdı.

U.Mirzəyev: Hadisələrdən 24 gün keçib. Türkiyədə qocalı-cavanlı hamı ayaq üstündədir, meydandadır. Təhlükə sovuşmayıbmı? Meydanlardakı mesajlar kimə ünvanlanıb?

İ.Balkanlıoğlu: Bu quldurlar qoyun dərisinə bürünmüş qurddurlardır, özlərini gizlədə bilirlər. Onların dövlət sistemində irəliləməsinin də əsas səbəbi budur. Hələ də təhlükə mövcuddur, aramızda onlardan var. Onlar bir-bir müəyyən olunub təmizlənmədikcə təhlükə və təhdid bitməyəcək. Məhz ona görə biz rahatlaşa bilmirik. Çünki, sənin ən yaxın dostun, mühafizən, cangüdənin xain ola bilər. Səni qorumaq əvəzinə sənə hücum edir, səni həbs edir. Bunu sənin ən yaxınında olan insan, ailənə daxil olan insan edir.

U.Mirzəyev: Əgər bu çevrilişə cəhd edənlər öz istəklərinə nail olsaydılar nə baş verərdi ? Regionda baş verənləri necə xarakterizə edə bilərsiniz?

İ.Balkanlıoğlu: Ətrafımızda qayda-qanunu olmayan ölkələr var. Onlardan biri Suriyadır. Hələ də, orada vətəndaş müharibəsi gedir. İraq, Əfqanıstan, Liviyada da vəziyyət fərqli deyil. Təsəvvür edin, Türkiyə məhz həmin dövlətlərin vəziyyətinə düşə bilərdi. Silahlı toqquşmalar, polislə ordunun üz-üzə gəlməsi, küçə döyüşləri bir sözlə vətəndaş müharibəsinədək gətirib çıxaracaqdı. Bundan istifadə edən PKK isə Türkiyədə terror aktlarının sayını artıracaq və ölkəni bölməyə çalışacaqdı. Türkiyə Səlcuqlular və Osmanlı imperiyasından bu yana zülmə məruz qalmış xalqlara yardım edib. Bura müsəlmanlarla yanaşı xristianlar, İspaniyadan qaçan yəhudilər də daxildir. İstanbulda Polenez köy deyilən yer var. Orada Polşadakı inqilabdan qaçan insanlar məskunlaşıb. Biz hətta, Belorusiyadan olan qaçqınlara qucağımızı açmışıq. Onlardan əvvəl çərkəzlər, tatarlar, çeçenlər bizim ölkəyə gəlib sığınıblar. İndi isə, 2 milyondan çox suriyalı bizə sığınıb. Biz onlara nəvaziş göstəririk. Halbuki, Suriyalı qaçqınlara Avropada bəslənilən münasibəti gördünüz. Qaçqınları az qala sərhəddə vuracaqdılar. Təsəvvür edin, əgər Türkiyə qarışsaydı nə baş verəcəkdi?! Əlində silahı olan bir terrorçu gəlib seçilmiş birisinə deyir ki, çıx get burdan. Bu quldurlar dövlətin bütün sisteminə daxil olublar. Məhz bundan aldıqları güc sahəsində hökümətə hədə qorxu gəlirlər, silahlı hücum edirlər. Müasir dövrdə belə hallar əsla yaşanmamalıdır. Türkiyə xilas oldusa deməli, bölgə xilas oldu.

U.Mirzəyev: Türkiyənin dostları da Türkiyə kimi ağıq sınaqdan keçdilər. Baş verənlər Türkiyənin öz strateji tərəfdaşları ilə münasibətlərinə necə təsir edəcək?

İ.Balkanlıoğlu: İnsanlar dar gündə tanınarlar. Biz çətin günlərdə dəstək olacağımız haqqında həmişə söz veririk. Bu çətin günlərdə bəzi dost dövlətlər bu terrorçu qruplarla mübarizə aparmaq istiqamətində bizə dəstək oldular. Lakin, bəzi strateji dost adlandırdığımız dövlətlərdən bu dəstəyi görmədik. Elə vacib olanı da məhz çətin anda o dəstəyi görməyimiz idi. Vəziyyət sabitləşəndən sonra dostluq mesajı vermək isə dostluğun nə qədər zəif olduğunu göstərir. Avropa bizim üçün vacib olan bu sınaqdan keçmədi. Amma bir çox dövlətlər var ki, bizə dəstək oldular. Zəng etdilər. Allah onlara yardım etsin!

U.Mirzəyev: Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğanın Rusiya prezidentilə görüşü baş tutdu. Bu görüş hansı zərurətdən yarandı? Türkiyə-Rusiya yaxınlaşmasının region üçün hansı nəticələri ola bilər? Bu barədə nə deyə bilərsiniz?

İ.Balkanlıoğlu: Məşhur Çinli filosof deyib ki, 1 düşmənin olması çoxdur, 1000 dostun olması isə az. Yaxın qonşu ölkələr arasında dost olmayan münasibətdə olan ölkələrin çox olması heç vaxt Türkiyənin marağında olan bir məsələ olmayıb. Rusiyada bizim uzun illərdir dostumuzdur. Hər bir sahədə bizim tərəfdaşımız, ticarət partnyorumuzdur, Türkiyənin strateji layihələrini dəstəkləyir. Türkiyənin ali rəhbərliyi ilə Rusiya rəhbərliyi arasında yaxşı dostluq əlaqələri var idi. Amma, iki qardaş arasında da bəzən ixtilaflar, anlaşılmazlıqlar olur. Suriya böhranı ortaya çıxanda fikirlərimiz haçalandı. Çünki, Suriya bizim qonşumuzdur və oradakı qeyri-sabitlik bizə birbaşa təsir edir. Misal üçün, 3 milyon mühaciri Türkiyə himayə etmək məcburiyyətində qalır. Orada bizim soydaşlarımızda var. Məhz buna görə biz məsələyə müdaxilə etmək məcburiyyətində qaldıq. Amma, bununla belə Türkiyə Rusiya ilə diplomatik əlaqələri sonuna qədər saxladı. Xoş olmayan bir hadisə baş verdi. Bir rus təyyarəsi vuruldu. Həmin təyyarənin pilotu da qətlə yetirildi. Bununla belə hökümət indi o məsələni son hadisələrdən sonra ciddi araşdırır.