Türkiyə yığması Cəbəllütariqi darmadağın etdi

2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində IX turun daha 2 oyunu keçirilib.

Yenicag.az xəbər verir ki, G qrupunda Türkiyə yığması İstanbuldakı “Başakşehir Fatih Terim” stadionunda Cəbəllütariq yığmasını qəbul edib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 6:0.

Hesabı 11-ci dəqiqədə Kerem Aktürkoğlu açıb. 22-ci dəqiqədə Cəbəllütariq yığması Ceys Maskarenyas-Oliveronun qırmızı vərəqə alması səbəbindən azlıqda qalıb. “Ay-ulduzlular” qalan bölümdə say üstünlüyündən layiqincə yararlanıblar. Halil Dervişoğlu 38 və 41-ci dəqiqələrdə fərqlənərək, “dubl” edib. İkinci hissədə meydan sahibləri daha 3 qol vurub. Merih Demiral 65-ci, Serdar Dursun 81-ci, Mert Müldür 84-cü dəqiqədə fərqlənməyi bacarıb.

Qrupun digər qarşılaşmasında Norveç yığması evdə Latviyanın müqavimətini qıra bilməyib.

Bununla da Türkiyə millisi xallarını 18-ə çatdıraraq, 2-ci pilləyə yüksəlib. 17 xala malik Norveç 3-cü pilləyə enib.

Bu gün Bakı vaxtı ilə saat 23:45-də başlanacaq görüşdə Niderland səfərdə Monteneqroya qalib gəlsə, qrup birincisi kimi dünya çempionatına vəsiqə qazanacaq. Bu halda, Türkiyə “pley-off” üçün mübarizə aparacaq. “Narıncılar” xal itirəcəyi təqdirdə isə qrupda ilk pillənin taleyi son tura qalacaq.