“Türkiyə bu gün yeni texnologiyalara əsaslanan müxtəlif hava aparatlarının istehsalında dünyada ön yerlərdə qərarlaşıb”.
Bu fikirləri Alpər Gezəravcının timsalında Türkiyədən kosmosa ilk astronavtın göndərilməsinə münasibət bildirən professor Şahlar Əsgərov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, bu addım qardaş Türkiyənin hərtərəfli inkişafında yeni mərhələnin başlanğıcıdır:
“Mən ötən söhbətlərimizdə dəfələrlə vurğulamışdım ki, ümumi inkişaf üçün torpaq, su və fəzada irəliləmək mühüm şərtdir. Türk xalqları öz tarixləri boyunca əvvəl torpaqda, daha sonra isə dənizlərdə çox böyük nailiyyətlər əldə ediblər. Ancaq fəza ilə bağlı durğunluğun davam etməsi bu inkişafın tamamlanmasına imkan vermirdi.
Ancaq Türkiyədə bu əsrdə müşahidə olunan elmi-texniki tərəqqi bu çatışmazlığı geniş mənada ortadan qaldırdı. Türkiyədə fəzanın da fəthi üçün atılan addımlar, ilk növbədə elmin inkişafı sayəində gerçəkləşdi. Nəticədə Türkiyə bu gün yeni texnologiyalara əsaslanan müxtəlif hava aparatlarının istehsalında dünyada ön yerlərdə qərarlaşıb.
Sözsüz ki, qardaş Türkiyənin kosmosa astronavt göndərməsi fəzanın fəthinə yönəlik çox ciddi addımdır və bizi də son dərəcə sevindirir. İnanıram ki, Türkiyə artıq yaxın illərdə öz kosmik proqramları sayəsində məhz özünün kosmodromundan, öz raketi ilə kosmosa yeni ekspedisiya göndərəcək. Buna şübhəm yoxdur”.
Nəsimi Ələsgərli