Son günlər hamı Türkiyədəki ən böyük investor olan SOCAR-a hücumdan danışır. Hamını düşündürən sual budur ki, Türkiyədə İsrail ilə xeyli sayda şirkət ticarət əlaqəsindəykən, niyə bu məsələdə ən günahsız olan SOCAR hədəf seçildi?! Kimdir o avanturist provokatorlar?
Bu sualın cavabı 2010-cu illərdə yatır. O illərdən bəri ortalarda dolaşan marjinal bir anti-Azərbaycan qrup var. Onlar üçün əsas məsələ Azərbaycana qarşı kin qusmaqdan ibarətdir, digər məsələlər sadəcə təfərrüatdır.
Belə ki, Nurəddin Şirin adlı İranın Türkiyədəki nüfuz agentinin liderlik etdiyi qrup gah hicabçı kimi Baş Konsulluğumuzu daşlayır, gah fələstinçi olub “SOCAR Türkiyə”yə basqın edir. Arada siyasi məhbusçuluq da oynayırlar. “Kudüs TV”, “Velfecr” kimi təbliğat ruporları ilə Azərbaycana illərdən bəri hər cür iftira atırlar.
Yəni gündəmdə nə varsa, ona sarılıb Azərbaycana saldırırlar.
Azərbaycan Fələstin məsələsində ilk gündən Türkiyənin və digər humanist dövlətlərin həssaslığını paylaşsa, o məzlum insanlarla bağlı haqlı mövqeni dəstəkləsə də, bu qaragüruh dəstə üçün fərqi yoxdur. Çünki Nurəddin Şirin və onun kimi başıpozuq İran agenləri üçün məsələ Fələstin deyil, hər fürsətdə Azərbaycana qarşı çıxmaq, Türkiyə ilə əlaqələrə zərbə vurmaqdır.
Təəssüf ki, Türkiyədəki bəzi cahillər də İran agenturasının bu oyununa alət olurlar. İsraili boykot etmək adına “Coca Cola” alıb küçəyə axıdan, “Cola” yerinə “Fanta” içən zehniyyət İranın quyruqsuz şirlərinin meydanını genişləndirir. Rəsmi məlumatlara deyil, dedi-qoduya inanan cahil kütlə qardaşlıq ruhuna zərbə vurmaq istəyənlərin ağzından çıxana inanır.
Ancaq fələstinçilik oynayanlar unudurlar ki, Türkiyə ilə Azərbaycanın əlaqələri bu kimi oyunlarla pozulmayacaq qədər sağlam təməllərə sahibdir. Əli Bəy Hüseynzadələrin, Nuri Paşaların, Əhməd Bəy Ağaoğluların təməlini atdığı bu qardaşlığı heç kim poza bilməz. Sevinci də, kədəri də bir olan millətin arasına girmək istəyənlərin sonu ətlə dırnaq arasına girənlərlə eyni olacaq.
Qısacası, hər itin duası qəbul olunsaydı, göydən yerə Nurəddin Şirinlər üçün sümük yağardı…