“Türkiyədə baş verən məlum olaylar FETO, PKK və erməni terrorçularının birgə fəaliyyətinin nəticəsidir” – Səbuhi Abbasov

sebuhiİzmirdə məhkəmə binası yaxınlığında partlayış baş verib. Terror aktı nəticəsində 2 nəfər şəhid olub. Onlardan biri polis, digəri isə ədliyyə işçisidir. İzmir valisi Erol Ayyıldız bildirib ki, terrorçuların hamısının öldürülüb.

Belə ki, polis şübhəli maşını saxlayıb. Yoxlamaq istəyərkən atışma başlayıb. Nəticədə bir polis və bir ədliyyə məmuru şəhid olub. 5 yaralı var. Terrorçular isə öldürülüb. Bir terrorçu isə həbs edilib. əslində onlardan birinin həbs olunması da türk polisinin peşəkarlığının nəticəsidir. Bu terrorçuda olan məlumatlar olduqca vacibdir.

Türkiyədə amasızcasına törədilən partlayışlar planlı şəkildə həyata keçirilir. Bugün Türkiyə öz tarixinin ən qüdrətli dönəmini yaşamaqdadır. Dünya gücləri Yaxın Şərqdə baş verən proseslərdə Türkiyə faktorunun vacibliyini çox gözəl dərk edirlər. Bundan başqa 15 iyul olaylarından sonra Ərdoğana qarşı hazırlanan məkrli plan tamamilə ifşa olundu. Bütün kartlar açılmış oldu. Belə bir məqamda da Türkiyə lazım olanı etdi. Türkiyə öz tarixi, milləti, dövləti naminə mübarizə yolunu seçdi. FETO qruplaşmasının təxribatlarına görə korlanan Rusiya-Türkiyə münasibətləri də məhz 15 iyul hadisələrindən sonra sürətlə düzəlməyə başladı. Bu düzəliş əslində region və dünya tarixində yeni səhifənin açılması demək idi. Türk-Slavyan birliyi həm siyasi, həm iqtisadi, həm də coğrafi baxımdan Böyük Güclərin diqqətindən kənarda qala bilməzdi.

Məhz bütün bu pozitiv mühitin yenidən “çirkləndirilməsi” üçün rusların ən sıx şəkildə yaşadıqları İzmir şəhəri növbəti hədəf oldu.

Ancaq etiraf eləmək lazımdır ki, köləliyi, diqtə siyasətini rədd edən Türkiyə meydanda təklənmə ərəfəsindədir. İŞİD, PKK faktoru, eyni zamanda, Yaxın Şərqdə illərdir davam edən münaqişələr həm də Türkiyənin məhvinə hesablanmış planın tərkib hissəsidir. Ən vacib məqamlardan biri də Türkiyədə sığınan yüzlərlə erməninin təhlükə mənbəyinə çevrilməsindən ibarətdir.

Əminəm ki, son terror olayları FETO, PKK və erməni terrorçularının birgə fəaliyyətinin nəticəsidir.

Zatən bu qruplaşmaların əsas “qida mənbələrinin” supergüclərin olduğu heç kimdə şübhə doğurmur. Təəssüf ki, son 1 ildə baş verən terror hadisələrində düşmən öz məqsədinə hardasa çatıbdır. Bugün Türkiyə iqtisadiyyatı baş verən məlum hadisələrə görə milyonlar itirməkdədir. Vaxtilə Türkiyədə səfir olmaq eşqi ilə sıraya düzülən diplomatlar indi nədənsə öz arzularından imtina etməyə başlayıblar. Türkiyə hər gün yüzlərlə turist itirir. İqtisadi apokalipsisin bu formasını biz artıq Misirdə görmüşdük. Büdcəsinin böyük hissəsini turistlərin hesabına dolduran Misir indi bundan tamamilə məhrum olmuş durumdadır.

Görünən odur ki, müsəlman ölkələri üçün yazılan plan hər dövlət üçün eyni üslubda aparılır.

Bütün türkdilli dövlətlər bu çətin məqamda Türkiyənin yanında olduqlarını əməldə sübut etməlidirlər. Prezident İlham Əliyev də hər zaman olduğu kimi həmkarı Ərdoğanın yanında olduğunu sübut etdi. Biz bir millət iki dövlətik. Unutmayaq ki, Türkiyə dövlətinin uğuru da, uğursuzluğu da biləvasitə bizə təsir edir, bizə aiddir. Türkiyə həm də bizim VƏTƏNİMİZDİR!

Səbuhi Abbasov

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri,

internet-media ekspert

 

Yenicag.az