!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstanbulda möhtəşəm "Bir millət, iki dövlət" Sənət Gecəsi keçirildi - FOTOLAR+VİDEO

!Reklam – Yazi

Türkiyənin İstanbul şəhərində “Bir millət, iki dövlət” adlı sənət gecəsi keçirilib.

Yenicag.az xəbər verir ki, TİKA və “Palmali” şirkətlər qrupunun dəstəyi, Azərbaycan-Türkiyə Evi (ATEV) və “İpekyolu” Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilən sənət gecəsində Azərbaycan və Türkiyədən seçilmiş simalar iştirak edib. Gecədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təbrik məktubu oxunub.

Türkiyə Cümhuriyyətinin 95-ci, Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə təşkil edilən tədbir ATEV rəhbəri Tənzilə Rüstəmxanlı və “İpekyolu” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Seyfullah Türksoyun çıxışı ilə açıq elan olunub.

Seyfullah Türksoy çıxışında təşkil olunan təntənəli gecənin Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsinə töhfə verəcəyinə inandığını bildirib:
“Biz heç zaman özümüzdən ayırmadığımız Azərbaycanı həm yaxşı günündə, həm də pis günündə həmişə xatırlayırıq. Doğrudur, coğrafi mənada arada sərhədlər var, ancaq biz eyni millətik, eyni tarixə və mədəniyyətə malikik.

Türkiyə və Azərbaycan qardaşlığı hər zaman dünyaya bir örnəkdir. Azərbaycan sevgisi ürəyimizdə uşaqlığımızdan bəri yaranan sevgidir. Mən də Azərbaycan türküyəm və bununla qürur duyuram.

Bu gecəni təşkil etməklə, “Bir millət, iki dövlət” ruhunun yaşadılmasına töhfə verməyə çalışdıq. “İpekyolu” Strateji Araşdırmalar Mərkəzi və Azərbaycan-Türkiyə Evi ilə birlikdə belə bir tədbiri təşkil etdiyimiz üçün çox xoşbəxtik.

Biz bundan əvvəl də ATEV rəhbəri Tənzilə Rüstəmxanlı ilə bərabər bir çox belə tədbirlər keçirmişik və bu gecə də onlardan biridir. İnşallah, bu gecə qardaşlığımız, dostluğumuz və əməkdaşlığımız adına yeni fəaliyyətlərə təkan verəcək”.

ATEV sədri Tənzilə Rüstəmxanlı isə çıxışında Türkiyəni hər bir türkün sinəsində döyünən ürək adlandırıb:
“Biz bir-birimizin yolunda şəhid olduq. 1918-ci ildə Nuri Paşanın komandanlığı altında Türk mehmetciyi Azərbaycan türkü üçün şəhid oldu. Onların ruhu bizim aramızda bir körpüdür.

Bu gün həmin körpülərdən birinin təməli məhz bu gecədə atılır. Yavuz Bakiler deyirdi ki, Azərbaycan ürəyimdə şah damardır. Ancaq o ürək olmasa, onun içində şah damar da olmaz. Türkiyə bizlər – Türkiyədən kənarda yaşayan türklər üçün sinəmizdə döyünən ürəkdir”.

Azərbaycan parlamentinin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə çıxışında əsas diqqəti Türk xalqlarının dövlət qurmaq təcrübəsinə yönəldib:
“Dövlət qurmaq hər xalqın bir istedadıdır. Dünyada beş mindən çox xalq olsa da, onlardan cəmi iki yüzünün dövləti var. Dünya tarixində ilk dövlətlərin tarixi beş-altı min il əvvələ gedir.

Altı min il əvvəl bizim dövlətimiz var idi. Eyni zamanda, latınların, midiyalıların və digərlərinin dövləti vardı. Onlar bu gün yoxdur, ancaq biz varıq. Yəni beş min il əvvəl də dövlətimiz vardı, indi də var və gələcəkdə də olacaq.

Cənab prezident İlham Əliyev də deyir ki, Azərbaycan və Türk xalqları dövlət qurmaq istedadına malikdirlər. Allah bu istedadı əlimizdən almasın”.

Azərbaycanlı sənətçilər Flora Kərimova, Fidan Hacıyeva, Elçin Cəfərov, Rövşən Civişov, Maarif Mustafayevin möhtəşəm ifaları ilə davam edən gecədə Gülnarə Xəlilovanın təqdimatı ilə Azərbaycan milli geyimləri nümayiş olunub.

Təntənəli gecənin yekununda Azərbaycanlı sənətçilərə fəxri diplomlar təqdim olunub.

www.yenicag.az

4672
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv