Türkiyədə zəlzələdən sonra Meksikadan gələn qrupla birgə axtarış-xilasetmə işləri zamanı ölən Proteo adlı itin Türkiyədə heykəli ucaldılacaq.
Yenicag.az xəbər verir ki, itin heykəli Sarıyerdə ucaldılacaq.
Belə ki, 2011-ci ildə Vanda baş verən zəlzələdən sonra axtarış-xilasetmə işləri zamanı həyatını itirən yaponiyalı könüllü Atsuşi Miyazaki adına parkda Miyazaki və qəhrəman it Proteonun anım mərasimi keçirilib. Mərasimdə çıxış edən Sarıyer bələdiyyəsinin sədri Şükrü Genç bildirib ki, bu parkda Proteonun heykəli qoyulacaq.
Qeyd edək ki, axtarış-xilasetmə işlərində iştirak edən Proteo adlı it fevralın 12-si ölüb. İtin ölümünə səbəb isə yaşının çox olması, Türkiyəyə qədər uzun yol qət etməsi və soyuq hava olub. Proteo Türkiyə və Meksika ilə yanaşı, Haiti, Ekvador və Quatemalada təbii fəlakətlər zamanı axtarış-xilasetmə işlərində iştirak edib.
Meksikadan gələn axtarış-xilasetmə qrupu Adıyamanda 7 gün ərzində 4 nəfəri sağ olaraq xilas edib, daha 29 nəfərin cəsədini isə dağıntılar altından çıxarıb./Qafqazinfo/