Türkiyədə “Davam, yoxsa Tamam?” DİLEMMASI: Müxalifət Ərdoğanın qarşısına kimi çıxaracaq? – TƏHLİL

9 ay sonra – 2023-cü ilin 18 iyununda Türkiyədə növbəti prezident seçkiləri keçiriləcək. Qardaş ölkədə Cümhuriyyətin elan olunmasının 100-cü ildönümünə təsadüf edən seçkilərin gərgin keçəcəyini indidən təxmin etmək çətin deyil. Siyasi dinamikanın hər zaman yüksək olduğu Türkiyədə seçki təbliğatı başladığı andan etibarən bu gərginlik özünün ən pik həddinə çatır.

2023-cü il seçkilərində isə bu gərginliyin yeni səviyyəyə yüksələcəyini söyləsək, yanılmarıq. Əvvəlki təhlillərimizdə də qeyd etdiyimiz kimi, prezident seçkilərində mübarizə iki əsas siyasi ittifaq arasında gedəcək: Hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə onun siyasi ortağı Milliyyətçi Hərəkat Partiyasından (MHP) ibarət “Cumhur” İttifaqı ilə 6 müxalifət partiyasının (Cümhuriyyət Xalq Partiyası (CHP), İYİ Partiya, Səadət Partiyası, Demokrat Partiyası, Gələcək Partiyası və DEVA Partiyası) bir cəbhədə birləşdiyi “Millət” İttifaqı.

İki ittifaqın seçkiyə hazırlığına nəzər salsaq, hakim koalisiyanın prosesə qəti qələbə əzmi ilə qatılacağını görürük. Belə ki, “Cumhur” İttifaqı seçkilərdə prezidentliyə ölkənin hazırkı rəhbəri Rəcəb Tayyib Ərdoğanın namizədliyinin irəli sürüləcəyini xeyli öncədən bəyan edib. Lakin “Millət” İttifaqında prezidentliyə namizəd məsələsində qeyri-müəyyənlik hökm sürür.

Aparılan rəy sorğularına əsasən, müxalifət partiyalarının namizəd məsələsində ortaq fikrə gələ bilməməsi cəmiyyətdə sözügedən ittifaqa etimadı azaldır. Hazırda müxalifət tərəfindən namizədliyə namizəd qismində 3 əsas fiqurun adı hallanır: CHP lideri Kamal Kılıçdaroğlu, İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş. Maraqlısı isə budur ki, adı keçən hər üç şəxs CHP-lidir.

Siyasi analitiklərin fikrincə, CHP sədri seçildikdən sonra elə də ciddi uğur əldə etməyən Kamal Kılıçdaroğlunun namizədliyinin irəli sürülməsi ciddi səs itkisinə səbəb ola bilər. Lakin Kılıçdaroğlunun eyni fikirdə olmadığı görünür. Qatıldığı televiziya proqramlarında tez-tez ittifaqın vahid namizəd məsələsində ortaq mövqe tapılmadığını bildirən CHP lideri özünün namizəd olması düşüncəsinin ürəyindən keçdiyini gizlətməyib.

CHP sədri bununla kifayətlənməyərək adı hallandırılan digər iki şəxsi də “oyun”dan kənarlaşdırmağa çalışır. Kılıçdaroğlu hələ 2021-ci ildə qatıldığı televziya proqramında: “Bələdiyyə sədrlərimizin vəzifələrinə davam etmələrini istəyirəm”, – deyərək qəti şəkildə İmamoğlu və Yavaşın namizədliyinə qarşı olduğunu qeyd etmişdi.

Əkrəm İmamoğluna gəlincə, Mansur Yavaşdan fərqli olaraq, prezidentliyə namizədliyinin irəli sürülməsi üçün dəridən-qabıqdan çıxır desək, yanlışlığa yol vermərik. Daim önü kəsilən, pis vəziyyətə salınan, işləri əngəllənən bələdiyyə sədri rəyi formalaşdırmağa çalışan İmamoğlu düşünür ki, İstanbul bələdiyyə seçkilərində qarşılaşdığı haqsızlıq yenə onu ön plana çıxaracaq. Ancaq İstanbulda yaşanan sel və qar fəlakətləri zamanı İmamoğlunun tətildə olması, xarici dövlətlərin səfirlərilə gizli görüşlər keçirməsi reytinqində nəzərəçarpacaq dərəcədə geriləməyə səbəb olub.

Hələlik müxalifət ittifaqında adıçəkilən şəxslər arasında Mansur Yavaş prezidentliyə ən ideal namizəd kimi görünür. Yavaşın keçmiş milliyyətçi olması (2013-cü ilədək MHP-li olub, daha sonra CHP-yə keçib), həmçinin aktiv siyasətdən uzaq qalaraq özünü bələdiyyə işlərinə həsr etməsi ona qarşı ictimai rəğbəti artırıb. Təsadüfi deyil ki, “Millət” İttifaqında yer almayan bəzi partiyalar bu birliyin vahid namizədinin başqa şəxs olacağı təqdirdə, özlərinin müstəqil şəkildə Mansur Yavaşın namizədliyini irəli sürəcəklərini bildirirlər.

Ancaq “Millət” İttifaqında təmsil olunan partiya liderlərinin kimliyinə nəzər salsaq, 2014-cü ildə keçirilən prezident seçkilərindəki kimi (həmin seçkilərdə müxalifətin vahid namizədi Əkmələddin İhsanoğlu olmuşdu), kənardan vahid namizəd irəli sürüləcəyi ehtimalı da yox deyil. Hərçənd cəmiyyət tərəfindən tanınmayan şəxsin namizədliyinin irəli sürülməsi müxalifət üçün böyük risk təşkil edər.

Ölkənin keçmiş Baş naziri Əhməd Davudoğlu, xarici işlər və maliyyə naziri olmuş Əli Babacan, milliyyətçi kəsim tərəfindən dəstəklənən İYİ Partiya lideri Meral Akşenər kimi şəxslərin CHP-li siyasətçinin namizədliyini qəbul edib-etməyəcəyi də açıq sualdır. Bundan başqa, AKP hökumətində yüksək vəzifə tutmuş, siyasi ciddilikləri itmiş Davudoğlu və Babacanın ittifaqda yer alması da daxildə ciddi narahatlıq doğurur.

“Cumhur” İttifaqının namizədinin bəlli olduğu halda, “Millət” İttifaqının ortaq məxrəcə gələ bilməməsi narazı seçici kütləsinin itirilməsinə yol açır. Həmçinin PKK terror təşkilatının siyasi uzantısı olan Xalqların Demokratik Partiyası (HDP) ilə “Millət” İttifaqı arasında gizli əlaqələrin mövcudluğunun müxalifət partiyaları birliyinin seçkilərdə məğlubiyyətini şərtləndirən əsas amil olacağını söyləyə bilərik. Ancaq, təbii, son söz yenə türk millətinin olacaq.

“Yeni Çağ” Analitik Qrupu