!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə inqilabi dəyişikliklər: Yanlış təqdimata 10 maddəlik düzəliş

!Reklam – Yazi

Türkiyədə aprelin 2-nə təyin olunmuş Konstitusiya referendumu ərəfəsində bu mühüm siyasi kampaniya ətrafında müzakirələr genişlənməkdədir.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, ölkənin əsas siyasi qüvvələri Böyük Millət Məclisində 2 aprel referendumu ilə bağlı davam edən müzakirələrdə öz mövqelərini daha artıq səylə müdafiə edirlər. Türkiyənin aparıcı siyasi qüvvələri – hakim Ədalət və İnkişaf (AKP), Milliyyətçi Hərəkat (MHP) və Cumhuriyyət Xalq (CHP) partiyaları Konstitusiya referendumuna yönələn baxışlarını bir qədər də əsaslandırmaqla, ictimai rəydə üstünlük qazanmağa çalışırlar. Qeyd olunan partiyalardan ikisinin – AKP ilə MHP-nin dəstəklədiyi Konstitusiya islahatına var gücü ilə müqavimət göstərən CHP nəzərdə tutulan dəyişikliklərin Türkiyəni “uçuruma yuvarlatdığı” iddiası ilə əks-təbliğatına ara vermir. “Xalqçılar” Konstitusiyaya təklif olunan dəyişiklikləri ölkənin dünyəvi dövlət sistemi və demokratiya üçün “təhlükə olduğunu” bəyan edərək, başlanmış hüquqi prosedurların yarımçıq dayandırılmasına cəhd göstərir. Təbii ki, geniş təbliğat resurslarına malik AKP və bu prosesdə onunla yanaşı addımlayan MHP rəsmiləri CHP-nin irəli sürdüyü bu kimi iddialara tutarlı cavab verirlər.

Yeniçağ.Az xəbər verir ki, AKP millət vəkili Aydın Ünal “Yeni Şafak” qəzetində dərc etdirdiyi “10 sualda yeni sistem” yazısında CHP və başqa siyasi qurumların Konstitusiya dəyişikliyi ilə əlaqədar ortaya atdıqları iddiaları bənd-bənd puça çıxarıb. A.Ünal bu yazısında Konstitusiyaya təklif olunan əsas dəyişiklikləri mövcud sistemlə müqayisəli formada və sadə dildə izah edib.

1. Konstitusiya dəyişikliyi ilə dövlət quruluşu dəyişdiriləcəkmi?

Xeyr. Ölkənin dövlət quruluşu Cümhuriyyətdir. Nəzərdə tutulan Konstitusiya dəyişikliyinin də dövlət quruluşu ilə heç bir əlaqəsi yoxdur. Dəyişdirilən hökumət sistemidir. Hazırda qüvvədə olan bu sisteminin əsası isə Cümhuriyyət dönəmində deyil, 1876-cı ildə Osmanlı zamanında qoyulub və indiyədək dəfələrlə dəyişdirilib. Bu gün də hökumət sisteminin kompleks şəkildə dəyişdirilməsi istiqamətində addımlar atılır. Səlcuqlu və Osmanlı dövlətlərində edildiyi kimi, Türkiyənin ictimai quruluşuna, o cümlədən, ənənələrinə uyğun spesifik idarəetmə sistemi qurulur.

2. Niyə indi? İqtisadi təzyiqlər var. Terror hər gün can alır. İndi Konstitusiya dəyişikliyinin vaxtıdırmı? Tələsik addım deyil ki?

Hökumət sisteminin dəyişdirilməsi zərurəti bu gün yaranmayıb. Bu məsələ xüsusilə, 1960-cı ildən etibarən, Türkiyə üçün çox aktualdır. Mərhum Ərbakan, Türkeş, mərhum Özal və Dəmirəl bu sistemin mütləq dəyişdirilməli olduğunu dəfələrlə bəyan etdilər, ancaq ömürləri və gücləri buna yetmədi. 15 iyul çevriliş cəhdi Türkiyədə sistemin vaxt itirmədən dəyişdirilməsinin labüdlüyünü bir daha təsdiqlədi. Bu zərurəti görən MHP də AKP-yə dəstək verməyi qərara aldı. Yəni yarıməsrlik bu ehtiyacın aradan qaldırılması üçün münasib şərtlər yetişdi. Burada tələskənlik yoxdur, çünki məsələ artıq on illərdir, müzakirə olunur və yetərli təcrübə qazanılıb. Yeni system iqtisadiyyata yönələn təzyiqlərə və terror hücumlarına qarşı daha təsirli mübarizə aparmağa, Türkiyəni daha sürətlə inkişaf etdirməyə imkan verəcək.

3. Bütün səlahiyyətlər bir əldə cəmlənir? Bu sistem diktaturaya yol açırmı?

Xeyr. Baş nazir vəzifəsi 2019-cu ildə ləğv olunacağı üçün Prezident baş nazirin vəzifələrini də həyata keçirəcək. Digər tərəfdən, bu dəyişiklik qanunvericilik orqanlarını daha da möhkəmləndirəcək. Eyni zamanda, qanunverici, icra və məhkəmə hakimiyyətləri arasında balans və qarşılıqlı nəzarət təmin olunacaq. Artıq “millət hakimiyyəti” və “dövlət hakimiyyəti” kimi iki fərqli güc yox, sədəcə, millətin hakimiyyəti olacaq. Millətin səlahiyyət verdiyi seçilmiş şəxslər öz səlahiyyətlərini başqa qurumlarla bölüşməyəcəklər. Mövcud sistemdə baş nazir və prezidentin diktatura yaratması mümkün olmadığı kimi, yeni sistemdə də belə bir imkan yoxdur. Prezident 5 ildənbir və ən çoxu 2 dəfə seçiləcək. Millət prezidentin və onun komandasının işini bəyənməyəcəyi təqdirdə, seçkilərdə bu mövqeyini ifadə edəcək, bəyənəcəyi halda isə təkrar seçəcək.

4. Prezident istədiyini edə biləcək, parlamentə ehtiyac duymadan lazım bildiyi qanunu qəbul edəcək. Mövcud sistemdə baş nazir və Nazirlər Kabineti
doğru deyil. Mövcud sistemdə baş nazirə və Nazirlər Kabinetinə məxsus olan sərəncamverici səlahiyyət indi prezidentə məxsus olacaq. Prezident isə hər məsələ barəsində sərəncam verməyəcək. Türkiyə Böyük Millət Məclisinin (TBMM) bununla bağlı qəbul etdiyi qanunlar bu məsələni tənzimləyir.

5. Prezident hüquqi məsuliyyətə cəlb olunmayacaq.

Doğru deyil. Əksinə, bu gün mövcud sistemdə prezidentin məsuliyyətə cəlb edilməsi mexanizmi yoxdur və o, hüquqi məsuliyyətdən tamamilə kənardır. Nəzərdə tutulan dəyişikliklər prezidentin hüquqi məsuliyyətə cəlb olunmasını təmin edir. Üstəlik, yeni sistem bu çərçivədə Ali Məhkəmənin fəaliyyətini daha da sadələşdirir.

6. Hakimləri də prezident təyin edəcək. Demək, prezidenti hakimlər mühakimə edəcəklər?

Bu da yanlış yanaşmadır. İndiki vəziyyətdə Hakim və Prokurorlar Yüksək Qurumunun (HSYK) 22 üzvü var. Prezident bu 22 üzvdən cəmi 4-nü təyin edir, TBMM-in isə HSYK-ya üzv təqdim etmir. Dəyişiklikdən sonra HSYK-nın tərkibi 13 üzvdən ibarət olacaq və onların 7-ni prezident təyin edəcək.

7. TBMM-nin əhəmiyyəti azalacaq. Parlamentin səlahiyyətləri azaldılacaqmı?

Xeyr. Əksinə, yeni sistemdə TBMM-nin təsiri və əhəmiyyəti daha da artacaq. TBMM artıq hökumətin himayəsindən xilas olacaq. Bürokratların hazırladığı və nazirlərin təqdim etdikləri “Qanun layihələri” anlayışı aradan qaldırılır. Bundan sonra millət vəkillərinin hazırladıqları “təklif” dövrü başlayır. Sorğu və şifahi suallar istisna olmaqla, TBMM-in bütün səlahiyyətləri saxlanılır.

8. Prezident parlamenti ləğv edəcək.

Bu, ləğv etmək deyil. Prezident və TBMM qarşılıqlı surətdə yeni seçki təyin etmək səlahiyyətinə malik olacaqlar. Yəni prezidentə verilən o səlahiyyət TBMM-ə də veriləcək. Yeni seçkilər də birlikdə təyin olunacaq. Başqa sözlə, yeni seçki təyin edən tərəf özü də seçkiyə getməli olacaq.

9. Millət vəkillərinin əhəmiyyəti azalacaqmı? Millət vəkilləri heç bir məsələni həll etməyəcəklərmi? Nazirlərə söz deyə bilməyəcəklərmi?

Əksinə, bu dəyişikliklər millət vəkillərinin səlahiyyətlərini daha da artıracaq. Xüsusilə AKP öz millət vəkillərini təyinatlı vəzifə sahiblərindən üstün tutmaq tərzinə sahibdir. Təyinatla vəzifəyə gətirilən nazirlər seçilmiş millət vəkillərinin tabeliyində olacaqlar. Prezident və millət vəkilləri hesabat vermək məsələsində nazirlərin, bürokratların deyil, millətin mövqeyində dayanacaqlar. Başqa partiyalar da hakimiyyətə gəlsələr, uğur qazanmaq və millətin etimadını yenidən qazanmaq üçün bu cür davranmalı olacaqlar.

10. CHP niyə dəyişikliyə qarşı çıxır?

Çünki CHP 27 may çevrilişindən sonra seçilib-seçilməməsindən asılı olmayaraq, bütün iqtidarların gizli şəriki idi. Hərbi və mülki bürokratik system CHP-nin mövqeyinə uyğun qaydada formalaşdırılmışdı. Prezident, məhkəmə və digər orqanlar CHP düşüncəsi ilə fəaliyyət göstərirdi. CHP-nin gizli hakimiyyəti nə vaxt sarsılsa, CHP çevrilişə zəmin hazırlayır, hərbi çevriliş yolu ilə hakimiyyəti yenidən ələ keçirirdi. Bu dəyişikliklər CHP-nin iqtidarla gizli şərikliyinə son qoyur. CHP iqtidara gəlmək istəyirsə, artıq siyasətlə məşğul olmalı və çox iş görməlidir. Bu qorxu səbəbindən yeni dəyişikliyə qarşı çıxırlar.

 

A.Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

787
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv