Türkiyədə Konstitusiya referendumu: Xalqa nə təklif olunur?

Türkiyədə aprelin 16-da keçiriləcək Konstitusiya referendumuna çıxarılan məsələlər ölkədə siyasi idarəetmə sistemində inqilabi dəyişiklikləri nəzərdə tutur.

Yeniçağ.Az xəbər verir ki, Türkiyədə prezident üsul-idarəsinin bərqərar edilməsini nəzərdə tutan Konstitusiya islahatları zərfi əks siyasi düşərgələr arasında rəqabəti son həddə qədər gərginləşdirib.

Qeyd edək ki, Türkiyənin Böyük Millət Məclisində (TBMM) təmsil olunan 4 partiyadan 2-si – hakim AK Parti və Milliyyətçi Hərəkat Partiyası (MHP) Konstitusiyaya təklif olunan dəyişikliklərin ideya müəllifləri və əsas dəstəkçiləri olaraq, “Əvət” mövqeyinin lokomotivləri sayılırlar. Ana müxalifət Cümhuriyyət Xalq Partiyası (CHP) və terrorçu PKK-nın siyasi qanadı olan HDP isə əks mövqedə qərarlaşaraq, “Xeyr” cəbhəsinin əsasını təşkil edirlər.

Konstitusiya islahatlarının qaçılmazlığını dəlillərlə əsaslandırmağa çalışan AKP və MHP liderləri Türkiyənin prezident üsul-idarəsinə keçid zərurətini ölkənin və dünyanın mövcud reallıqları ilə əsaslandırırlar. Onların mövqeyinə görə, Türkiyədə və regionda yaranmış vəziyyət, qlobal güclərin dünyaya hakimlik uğrunda amansız rəqabəti ölkədə “Güclü hakimiyyət – Güclü dövlət” formulunu son dərəcədə aktuallaşdırıb. Eyni zamanda, referendum təşəbbüskarlarının fikrincə, Konstitusiya islahatları ölkədə siyasi idarəetmə mexanizmini sadələşdirəcək və qərarların qəbulunu xeyli asanlaşdıracaq.

AntiReferendum cəbhəsində mövqe tutan CHP və HDP isə təklif olunan dəyişikliklər zərfini Türkiyənin “dünyəvi dövlət sistemi və demokratiya üçün təhlükə olduğunu” iddia etməkdədirlər. Bununla belə, referendum çərçivəsində təbliğat kampaniyasının gedişində AKP və MHP təmsilçiləri siyasi rəqiblərinin bu iddialarının əsassız olduğunu göstərməyə nail olurlar.

“Xeyr” cəbhəsinin qeyd olunan məzmunlu iddialarına ən effektli arqumentləşdirilmiş cavabı isə AKP millət vəkili Aydın Ünal “Yeni Şafak” qəzetində dərc etdirdiyi “10 sualda yeni sistem” yazısında verib. CHP-HDP duetinin “ölkədə diktatura təhlükəsi”nə dair mövqelərini bənd-bənd puça çıxaran Ünal cavabını aşağıdakı kimi sistemləşdirib:

1. Konstitusiya dəyişikliyi ilə dövlət quruluşu dəyişdiriləcəkmi?

Xeyr. Ölkənin dövlət quruluşu Cümhuriyyətdir. Nəzərdə tutulan Konstitusiya dəyişikliyinin də dövlət quruluşu ilə heç bir əlaqəsi yoxdur. Dəyişdirilən hökumət sistemidir. Hazırda qüvvədə olan bu sisteminin əsası Cümhuriyyət dönəmində deyil, 1876-cı ildə Osmanlı zamanında qoyulub və indiyədək dəfələrlə dəyişdirilib. Bu gün də hökumət sisteminin kompleks şəkildə dəyişdirilməsi istiqamətində addımlar atılır. Səlcuqlu və Osmanlı dövlətlərindəki kimi, Türkiyənin ictimai quruluşuna, o cümlədən, ənənələrinə uyğun spesifik idarəetmə sistemi qurulur.

2. Niyə indi? İqtisadi təzyiqlər var. Terror hər gün can alır. İndi Konstitusiya dəyişikliyinin vaxtıdırmı? Tələsik addım deyil ki?

Hökumət sisteminin dəyişdirilməsi zərurəti bu gün yaranmayıb. Bu məsələ xüsusilə, 1960-cı ildən etibarən, Türkiyə üçün çox aktualdır. Mərhum Ərbakan, Türkeş, mərhum Özal və Dəmirəl bu sistemin mütləq dəyişdirilməli olduğunu dəfələrlə bəyan etdilər, ancaq ömürləri və gücləri buna yetmədi. 15 iyul çevriliş cəhdi Türkiyədə sistemin vaxt itirmədən dəyişdirilməsinin labüdlüyünü bir daha təsdiqlədi. Bu zərurəti görən MHP də AKP-yə dəstək verməyi qərara aldı. Yəni yarıməsrlik bu ehtiyacın aradan qaldırılması üçün münasib şərtlər yetişdi. Burada tələskənlik yoxdur, çünki məsələ artıq 10 illərdir, müzakirə olunur və yetərli təcrübə qazanılıb. Yeni sistem iqtisadiyyata yönələn təzyiqlərə və terror hücumlarına qarşı daha təsirli mübarizə aparmağa, Türkiyəni daha sürətlə inkişaf etdirməyə imkan verəcək.

3. Bütün səlahiyyətlər bir əldə cəmlənir? Bu sistem diktaturaya yol açırmı?

Xeyr. Baş nazir vəzifəsi 2019-cu ildə ləğv olunacağı üçün Prezident baş nazirin vəzifələrini də həyata keçirəcək. Digər tərəfdən, bu dəyişiklik qanunvericilik orqanlarını daha da möhkəmləndirəcək. Eyni zamanda, qanunverici, icra və məhkəmə hakimiyyətləri arasında balans və qarşılıqlı nəzarət təmin olunacaq. Artıq “millət hakimiyyəti” və “dövlət hakimiyyəti” kimi iki fərqli güc yox, sədəcə, millətin hakimiyyəti olacaq. Millətin səlahiyyət verdiyi seçilmiş şəxslər öz səlahiyyətlərini başqa qurumlarla bölüşməyəcəklər. Mövcud sistemdə Baş nazir və Prezidentin diktatura yaratması mümkün olmadığı kimi, yeni sistemdə də belə bir imkan yoxdur. Prezident 5 ildənbir və ən çoxu 2 dəfə seçiləcək. Millət Prezidentin və onun komandasının işini bəyənməyəcəyi təqdirdə, seçkilərdə bu mövqeyini ifadə edəcək, bəyənəcəyi halda isə təkrar seçəcək.

4. Prezident istədiyini edə biləcək, Parlamentə ehtiyac duymadan lazım bildiyi qanunu qəbul edəcək.

Mövcud sistemdə Baş nazir və Nazirlər Kabineti doğru deyil. Mövcud sistemdə Baş nazirə və Nazirlər Kabinetinə məxsus olan sərəncamverici səlahiyyət indi Prezidentə məxsus olacaq. Prezident isə hər məsələ barəsində sərəncam verməyəcək. Türkiyə Böyük Millət Məclisinin (TBMM) bununla bağlı qəbul etdiyi qanunlar bu məsələni tənzimləyir.

5. Prezident hüquqi məsuliyyətə cəlb olunmayacaq.

Doğru deyil. Əksinə, bu gün mövcud sistemdə prezidentin məsuliyyətə cəlb edilməsi mexanizmi yoxdur və o, hüquqi məsuliyyətdən tamamilə kənardır. Nəzərdə tutulan dəyişikliklər Prezidentin hüquqi məsuliyyətə cəlb olunmasını təmin edir. Üstəlik, yeni sistem bu çərçivədə Ali Məhkəmənin fəaliyyətini daha da sadələşdirir.

6. Hakimləri də Prezident təyin edəcək. Demək, Prezidenti hakimlər mühakimə edəcəklər?

Bu da yanlış yanaşmadır. İndiki vəziyyətdə Hakim və Prokurorlar Yüksək Qurumunun (HSYK) 22 üzvü var. Prezident bu 22 üzvdən cəmi 4-nü təyin edir, TBMM-in isə HSYK-ya üzv təqdim etmir. Dəyişiklikdən sonra HSYK-nın tərkibi 13 üzvdən ibarət olacaq və onların 7-ni Prezident təyin edəcək.

7. TBMM-nin əhəmiyyəti azalacaq. Parlamentin səlahiyyətləri azaldılacaqmı?

Xeyr. Əksinə, yeni sistemdə TBMM-nin təsiri və əhəmiyyəti daha da artacaq. TBMM artıq hökumətin himayəsindən xilas olacaq. Bürokratların hazırladığı və nazirlərin təqdim etdikləri “Qanun layihələri” anlayışı aradan qaldırılır. Bundan sonra millət vəkillərinin hazırladıqları “təklif” dövrü başlayır. Sorğu və şifahi suallar istisna olmaqla, TBMM-in bütün səlahiyyətləri saxlanılır.

8. Prezident parlamenti ləğv edəcək.

Bu, ləğv etmək deyil. Prezident və TBMM qarşılıqlı surətdə yeni seçki təyin etmək səlahiyyətinə malik olacaqlar. Yəni prezidentə verilən o səlahiyyət TBMM-ə də veriləcək. Yeni seçkilər də birlikdə təyin olunacaq. Başqa sözlə, yeni seçki təyin edən tərəf özü də seçkiyə getməli olacaq.

9. Millət vəkillərinin əhəmiyyəti azalacaqmı? Millət vəkilləri heç bir məsələni həll etməyəcəklərmi? Nazirlərə söz deyə bilməyəcəklərmi?

Əksinə, bu dəyişikliklər millət vəkillərinin səlahiyyətlərini daha da artıracaq. Xüsusilə AKP öz millət vəkillərini təyinatlı vəzifə sahiblərindən üstün tutmaq tərzinə sahibdir. Təyinatla vəzifəyə gətirilən nazirlər seçilmiş millət vəkillərinin tabeliyində olacaqlar. Prezident və millət vəkilləri hesabat vermək məsələsində nazirlərin, bürokratların deyil, millətin mövqeyində dayanacaqlar. Başqa partiyalar da hakimiyyətə gəlsələr, uğur qazanmaq və millətin etimadını yenidən qazanmaq üçün bu cür davranmalı olacaqlar.

10. CHP niyə dəyişikliyə qarşı çıxır?

Çünki CHP 27 may çevrilişindən sonra seçilib-seçilməməsindən asılı olmayaraq, bütün iqtidarların gizli şəriki idi. Hərbi və mülki bürokratik sistem CHP-nin mövqeyinə uyğun qaydada formalaşdırılmışdı. Prezident, məhkəmə və digər orqanlar CHP düşüncəsi ilə fəaliyyət göstərirdi. CHP-nin gizli hakimiyyəti nə vaxt sarsılsa, CHP çevrilişə zəmin hazırlayır, hərbi çevriliş yolu ilə hakimiyyəti yenidən ələ keçirirdi. Bu dəyişikliklər CHP-nin iqtidarla gizli şərikliyinə son qoyur. CHP iqtidara gəlmək istəyirsə, artıq siyasətlə məşğul olmalı və çox iş görməlidir. Bu qorxu səbəbindən yeni dəyişikliyə qarşı çıxırlar.

Türkiyədə səsverməyə bir gün qaldığından, ictimai rəydə “Əvət” tərəfdarlarının öndə olduğu müşahidə edilməkdədir. Bu üstünlük istər tərəflərin kütləvi aksiyalarının miqyasında, istərsə də keçirilən rəy sorğularının nəticələrində özünü göstərməkdədir. Müstəqil mərkəzlər də referendumun mümkün nəticələrini proqnozlaşdırarkən, “Əvət” səslərinin 53-55 faiz civarında olacağı qənaətinə gəliblər. Bir sıra sorğu mərkəzləri isə “Əvət” nəticəsinin 55-60 faiz olacağını ehtimal edirlər.

Referendumun real nəticəsini isə əlbəttə ki, Türkiyə seçicisi öz iradəsi əsasında müəyyənləşdirəcək.

Yeniçağ.Az