“Azərbaycanla tərəfdaş olan ölkələrin, o cümlədən Türkiyə milli valyutasının ucuzlaşması əslində ölkəmiz üçün uğurludur”.
Bu sözləri Yenicag.az-a açıqlamasında iqtisadçı-ekspert Nazim Bəydəmirli deyib:
“Türkiyədə lirə dəyər itirirsə, bu halda həmin ölkədən idxal olunan məhsulları dollar ekvivalentində daha ucuz qiymətə almış olacağıq. Milli valyutası dəyər itirən ölkələrdə adətən eksport stimullaşır, daxili bazarda problem yaşandığından sahibkarlar xaricə daha çox mal satmaqda maraqlı olurlar”.
Həmsöhbətimizə görə, Türliyə lirəsinin ucuzlaşması isə bir çox hallarda siyasi aktivliklə bağlı olan prosesdən, həmçinin geostrateji maraqlardan qaynaqlanır:
“Biznesmen ölkədə qeyri-stabilliyin olduğunu hiss edən kimi, vəsaitini xaricə çıxarmağa meylli olur. Bu zaman isə ajiotaj yaranır, daha çox valyuta tələb olunur. Hami dollar almaq istəyir. Ona görə də milli valyuta ucuzlaşır. İran və Rusiya kimi tərəfdaşlarla ticarətdə milli valyutalarla ödəniş sisteminə keçirilməsinin təmin olunması istiqamətində atılan addımlar da burada öz sözünü deyir. Heç kəs yaddan çıxarmamalıdır ki, bazarda dünyanın aparıcı, qlobal oyunçuları var. Onların da bu və ya digər formada iqtisadi nöqteyi-nəzərdən prosesə təsir etmək gücündədirlər. Bu baxımdan idxaldan asılı ölkələr ilk növbədə daxili istehsalın stimullaşdırılmasını həmişə göz önünə gətirməlidirlər. Daxili inkişafın təmini üçün iqtisadi sabitlik vacibdir. Ancaq ola bilsin seçkiqabağı yaşanan proseslər türk lirəsinə təsir edib. Amma görünən odur ki, burada tək siyasi deyil, iqtisadi faktorun da rolu vardır. Bu baxımdan da həmin məsələdə hələlik nikbin deyiləm”.
N. Bəydəmirli 200 manatlıq əsginasların dövriyyəyə burasılmasına da mənfi yanaşır. Ona görə, bu nominallı əsginas əslində kölgə iqtisadiyyatına xidmət edir:
“Dövriyyəyə buraxılan 200 manatlıqlar heç də mümkün bahalaşmanı qorumaq üçün edilməyib. Əksinə, əsginasın nominalı nə qədər böyük olsa, proses bir o qədər inflyasiyaya təsir edir, bahalaşma yaradır. Eyni zamanda, iri nominallı əskinasların dövriyyəyə buraxılması kölgə iqtisadiyyatını stimullaşdırır, ona xidmət edir. Prezident bir neçə il bundan qabaq nəğdsiz ödənişin stimullaşdırılması barədə sərəncam imzaladı. İqtisadiyyatı oturuşmuş əksər ölkələrdə nəğdsiz ödənişlər xidmət və digər sektorlarda 95-98 faiz civarındadır. Azərbaycan bu hədəfə çatmaq istəyirsə, ciddi islahatlar aparmalıdır. Proses özü də kompleks şəklində stimullaşdırılmalıdır. Posterminalların quraşdırılması və onların işlək vəziyyətdə olmasını təkcə inzibati yollarla həll etmək mümkünsüzdür. Bu istiqamətdə də stimullaşdırıcı addımlar atılmalı, vergi güzəştləri və digər həvəsləndirici tədbirlər görülməlidir. 200 manatlıq əsginasın buraxılması əslində bu kimi addımların qarşısını alır. Bu pullar əslində rüşvət alan məmurlar üçün həcm baxımından “xeyirli” ola bilər. Ancaq həmin nominalın iqtisadiyyata ciddi töhfə verəcəyini görmürəm. Bu məsələdə fikrim neqativdir”.
Qeyd edək ki, türk lirəsi dəyər itirməkdə davam edir. Hazırda 1 dollar 4,9 lirəyə satılır. Bu arada Azərbayanda isə 200 manatlıq əskinaslar dövriyəyə buraxılır.
ELÇİN