Türkiyədə növbədənkənar seçkiləri zəruri edən 4 amil – Ruslan Bəşirli yazır

Türkiyə erkən prezident və parlament seçkilərinə gedir. MHP sədri Dövlət Baxçalının təklifi ilə gündəmə gələn erkən seçki prezident Rəcəb Tayyib Ərdoğanın qərarı ilə qanuniləşdi.

Qardaş ölkədə erkən seçkini zəruri edən amillər nədir?

Axı Türkiyə prezidenti və AKP sədri Ərdoğan da başda olmaqla ölkənin siyasi elitası hər bəyanatında seçkilərin vaxtında, yəni 2019-cu ildə keçriləcəyini vurğulayırdı. Son günlərədək “erkən seçkilər olmayacaq” tezisini irəli sürən Türkiyə siyasi elitasını fikir dəyişikliyinə vadar hansı proseslər yaşanır?

1. Erkən seçki qərarının ardından bu qərarı şərh edənlər arasında jurnalist Fatih Tezcanın yazdıqları diqqətçəkəndir. Jurnalistin iddiasına görə, Türkiyədə seçkilərin erkən keçrilməsi qərarının arxasında mühüm kəşfiyyat məlumatları durur.

Fatih Tezcanın yazdığına görə, ABŞ 2019-cu üçün Türkiyəyə qarşı 65 minlik PKK-PYD terror ordusu hazırlayır. O qeyd edir ki, bununla paralel olaraq, ölkə içərisində terror və xaos törədiləcəyi haqda kəşfiyyat məlumatları mövcuddur. Məhz bu amilləri önləmək üçün hökumət erkən seçki qərarı verib.

2. Erkən seçki təklifini irəli sürən MHP sədri Dövlət Baxçalının irəli sürdüyü fikirlər də cəlbedicidir. Baxçalı prezident-hökumət sistemini çökdürmək üçün xarici kəşfiyyatın fəaliyyətə başladığını, ölkədə xaos və böhran yaratmaq istəyən qüvvələrin fəaliyyətini gücləndirdiyini bildirmişdi.

“Prezident hökumət sistemi ilə bağlı fitnə törətmək istəyən, dedi-qodu yayan, böhran və xaosa gəl-gəl deyən yerli və xarici qüvvələrin son dövrlərdə fəaliyyətlərini gücləndirdikləri məlumdur”,– Baxçalı erkən seçki təklifini açıqlayan zaman belə demişdi.

Lakin o cümlənin davamında bir ifadə də vardı. Baxçəli sözlərini “sənədlər əlimizdədir” ifadəsi ilə tamamlayırdı. Görünür, “Cümhur İttifaqı”nın dağıla bilməməsi, ya da ən azı zəiflədilə bilməməsi üçün Ərdoğan erkən seçki qərarını verib.

3. Prezident Ərdoğanın erkən seçki açıqlamasından belə bəlli olur ki, referendumdan sonrakı idarəetmədə bir “axsaq ördək” sindiromu yaşanırmış. Məlumdur ki, Türkiyədə keçrilən referendumdan sonra ölkə yeni sistemə – prezident idarəçiliyinə keçidə səs verdi. Lakin bu idarəetməyə tam keçid MHP-nin təklifi ilə 2019-cu ildə keçriləcək prezident və parlament seçkilərindən sonra baş tutmalı idi. Referendumdan sonra prezidentə idarəetmədə bir sıra səlahiyyətlər verilsə də, tam prezident üsul -idarəsinə keçid edilməmişdi. Belə görünür ki, yarıprezident, yarıparlamentar sistem vacib qərarların verilməsində, iqtisadi problemlərin həllində ləngimələrə səbəb olurmuş. Ərdoğan Suriya və İraqda həyata keçrilən əməliyyatlar, iqtisadi problemlərin həlli zamanı ikili hakimiyyətin fəsadlarını gördüklərini gizlətmədi. Görünür, hökumət “axsaq ördək” sindiromunu bir an əvvəl həll etmək üçün erkən seçkiyə getdi.

4. Bir çox siyasi şərhçilərin fikirincə, 15 iyul çevriliş cəhdindən sonra “Milli iradə” tezisi ilə bir araya gələn AKP və MHP-nin formalaşdırdığı “Cümhur İttifaqı” seçkilər üçün ən ideal vaxtı seçib. Bir müddət öncə Ərdoğanın rəhbərlik etdiyi hökumət Qərbdən edilən bütün təzyiqlərə baxmayaraq, ABŞ-ın rəsmən dəstək verdiyi terror təşkilatı PKK/PYD-yə qarşı çox uğurlu əməliyyat həyata keçirdi. “Zeytun budağı” kod adı verilən bu əməliyyat nəticəsində Suriyanın Afrin bölgəsi terrorçulardan təmizləndi, 5000-ə yaxın PKK-çı məhv edildi, bölgəyə türk bayraqları sancıldı. Bütün təzyiqlərə baxmayaraq, bu əməliyyatın keçrilməsinə qərar verməsi Ərdoğanın cəmiyyətdəki nüfuzunu daha da artırıb. Son rəy sorğularına görə, seçicilərin 55 faizi Ərdoğana səs verəcəyini açıqlayıb.

MHP-nin də bu əməliyyata hər cür dəstək verməsi, ülküçü kəsim arasında partiyanın nüfuzunu artırıb. Meral Akşənər qrupunun MHP-ni parçalaması ilə İYİ partiyaya gedən ülküçülərin bir hissəsinin son dövrlər Dövlət Baxçalının partiyasına geri dönmələri haqda da məlumatlar var.

Üstəlik, Türkiyə cəmiyyəti Ərdoğanın ölkəni təhdid edən xarici faktorlar qarşısında dik duruşunu da təqdir edir. Hətta son dövrlər xaricdən Türkiyəyə qarşı edilən iqtisadi təzyiq nəticəsində dolların bahalaşması da Ərdoğanın türk cəmiyyətində nüfuzunu azaltmayıb. Açığı, Ərdoğan hətta iqtisadi problemləri də özünə və partiyasına səs qazandıran bir amilə çevirə biləcək siyasi liderdir. 15 ildir hakimiyyətdə olduğu dövrdə Türkiyə iqtisadiyyatını sürətlə yüksəldə bilmiş, batmaqda olan ölkəni, iqtisadiyyatı sürətlə inkişaf edən 10 ölkə arasına çıxara bilmiş lider indi xalqına açıq şəkildə deyir: Dolları süni şəkildə bahalaşdırmaqla bizi yolumuzdan döndərmək istəyirlər. Bunu önləmək üçün bizə idarəetməsi tam olan bir sistem lazımdır. Bu səbəbdən də erkən seçki keçiririk.

Qısası, “Cümhur İttifaqı” erkən seçki üçün ən yaxşı vaxtı seçib. Bu həm də partiyadaxili problemlərə köklənən müxalifətin hazırlıqsız yaxalanması baxımıdan da işə yarayır, lakin bu barədə yazının sonunda qeyd edəcəyik.

Ərdoğan və MHP üçün avantaj, bəs AKP?

Bu seçki əvvəlkilərdən fərqlənir. Əgər paralamentar sistemdə Ərdoğanı seçən, lakin müxtəlif səbəblərdən AKP-yə qızğınlığı olan bir seçici, “AKP-yə səs verməsəm, Ərdoğana da səs vermərəm”, fikirləşib AKP-yə səs verirdisə, bu dəfə belə bir sorun olmayacaq. Yeni sistemdə hökuməti prezident formalaşdırdığından hər hansı seçici Ərdoğana səs verib, parlament seçkilərində isə tamamilə başqa bir partiyanı seçə bilər. Bu, AKP üçün problemə çevrilə bilər.

Doğrudur, böyük ehtimalla seçkiöncəsi təbliğat mərhələsində Ərdoğan xalqadan özü ilə yanaşı, partiyasına da səs istəyəcək. Lakin Türkiyə siyasəti və seçki texnalogiyasını az-çox bilən adamlara bəllidir ki, qardaş ölkədə səsini son ana qədər gizlədən 9 faizlik bir seçici hissəsi var ki, çox zaman onların səsi həlledici olur. Yəni AKP-nin də, CHP-nin də, MHP-nin də ideoloji baxımdan seçici elektoratı bəllidir. Lakin bir də müəyyən bir elektorat kəsimi var ki, onların səsi sabit deyil.

Məsələn, həmin kəsim Ərdoğan prezident seçildikdən sonra 2015-ci ildə baş nazir Əhməd Davudoğlunun rəhbərliyi ilə parlament seçkilərinə gedən AKP-yə təkbaşına hökumət qurmaq imkanını verməmişdilər. Yalnız koalisiya hökumətlərinin ziyanı tək-tək anladıldıqdan və şəxsən Ərdoğanın sahəyə çıxaraq AKP-yə səs istəməsindən sonra təkrar səsvermədə hakim partiyaya səs verdilər. Böyük ehtimallar olmasa da, AKP üçün indi də bu kimi problemlər yaşana bilər. Ərdoğan üçün isə bu seçkilərin avantaj olduğunu yazının əvvəlində yazdıq. Lakin Ərdoğan sədri olduğu AKP-ni arxasınca aparmaq məcburiyyətindədir.

MHP üçün də bu seçkilər bir avantajdır. MHP-dən qopmalardan sonra bu partiyanın zəifləyəcəyi düşünülürdü. Lakin MHP-nin tarixində 4 millət vəkili ilə parlamentə düşməsi və hətta hökumət ortağı olması faktı var. İndi də, MHP-nin “baraj” problemi yoxdur. MHP nə qədər səs alsa belə, AKP ilə ittifaq halında seçkilərə qatıldığı üçün, “baraj” problemi ilə qarşılaşmayacaq.

Müxalifətin durumu kritikdir

Təqribən 3 ay öncə, CHP sədri Kamal Kılıcdaroğlu hökumətə meydan oxuyaraq, prezident Ərdoğanı erkən seçki keçirməyə çağırmışdı. Dünən Ərdoğanın erkən seçki açıqlamasından sonra CHP ilk olaraq “hodri meydan” desə də, az sonra partiya sözçülərindən şikayət dolu açıqlamalar gəlməyə başladı. Ana müxalifət partiyası olan CHP-nin durumu kritikdir. Əvvəla, ən önəmlisi bu partiyanın bütün təbəqələrdən səs ala biləcək, AKP-nin səslərini parçalaya biləcək bir namizədi yoxdur.

İkincisi, partiyanın içərisində aşırı solçularla, millilik tərəfdarları arasında gərgin mübarizə gedir. Hətta bir müddət öncə partiyanın 100-ə yaxın millət vəkili Kamal Kılıcdaroğlunu CHP nizamnaməsini pozmaqda, partiyanı diktatorluqla yönəltməkdə ittiham etmişdi. Cavab olaraq Kılıcdaroğlu bütün medianın gözü qarşısında həmin millət vəkillərini hədələyərək, ondan icazəsiz kimsənin mətbuat qarşısına çıxmasına yasaq qoymuşdu.

Üçüncüsü, bəzi CHP millət vəkillərinin PKK terrorçularının cənazə mərasimlərində görünmələri, partiya sədri Klıcdaroğlunun ölkəni təhdid edən terorçulara qarşı həyata keçrilən “Fərat Qalxanı” və “Zeytun budağı” əməliyyatlarına qarşı çıxması ölkənin ən böyük solçu partiyasının ciddi şəkildə səs almasını əngəlləyir. Partiya yalnız aşırı solçulara oynayır ki, bununla da ən yaxşı halda müxalifət partiyası olmaq mümkündür.

MHP-dən ayrılan Meral Akşənərin qurduğu İYİ partiyaya gəlincə, partiya yarandığı ilk vaxtlarda böyük irəliləyişlər etsə də, son dövrlər bu qurumda da durğunluq yaşanır. Öncəki dönəmlərdə MHP-dən ayrılan bir hissəni, CHP-dən bu partiyaya yönələn 5 faizlik bir qrupu və bəzi keçmiş hökumət adamlarını özündə cəmləyən İYİ partiyanın son rəy sorğularına görə, 7 faizlik bir səsi var. MHP-dən bu partiyaya gələn kəsimin bir hissəsinin “Zeytun budağı” əməliyyatı zamanı yenidən Baxçalının partiyasına döndükləri də qeyd olunur. Xüsusilə də, Meral Akşənərin FETÖ ilə bağlantısı olması haqda şübhələr bu partiyanın inkişafına mane olur.

HDP-yə gəldikdə isə bu partiyanın ən böyük sorunu terror təşkilatı PKK ilə arasına ayıra bilməməsi oldu. Hazırda HDP-nin 5 faizdən aşağı bir səsi olduğu bildirilir və bu partiya ilə kimsə koalisiyaya girməkdə maraqlı deyil. Liderləri terrorçu fəaliyyətə görə həbsdə olan bu partiya ilə yalnız CHP-nin tabanı uyuşa bilər. Lakin, CHP-nin HDP ilə ittifaqı birincinin sonu ola bilər. Üstəlik HDP-də olan türklərlə kürdlər arasında da bir problem yaşanmaqdadır.

Kiçik partiyalardan nisbətən elektoratı olan Səadət Partiyası isə ən yaxşı halda, 2 faiz səs ala bilər.

Qısası, Ərdoğan və Baxçalı tandemi xarici təhlükəyə qarşı erkən cavab hazırlayırlar. Bu əsnada müxalifət isə hazırlıqsız və parçalanmış vəziyətdə tutulub.

Ruslan Bəşirli

COP29