Türkiyədə qayıq batdı

Meriç çayı vasitəsilə Yunanıstana qaçmaq istəyən miqrantların qayığı batıb.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Türkiyənin Ədirnə vilayəti ilə Yunanıstan arasında yerləşən Meriç çayı vasitəsilə Yunanıstana qanunsuz keçmək istəyən miqrantları daşıyan qayıq dalğalara tab gətirməyərək sulara qərq olub. Hadisə nəticəsində 10 nəfər itkin düşüb. Onların arasında qadın və uşaqlar da olub. Hərbi təyinatlı bölgədə baş verən hadisə növbətçi əsgərlərin diqqətindən yayınmayıb. Batmış qayıq tapılsa da, hələlik itkin düşən şəxslər barədə heç bir məlumat yoxdur.

Qeyd edək ki, qayığın bir neçə gün davam edən yağıntılara görə batdığı ehtimal olunur. Belə ki, yağıntılar suyun səviyyəsini qaldırıb.