Türkiyədə yaşayan qərbi azərbaycanlılarla bağlı sənədli film çəkilir. Yenicag.az xəbər verir ki, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən Qərbi Azərbaycan Türklərindən və onların yurd həsrətindən bəhs edən “Türkiyədə Qərbi Azərbaycan izləri” sənədli filmi çəkilir.
İndiki Ermənistandan Türkiyəyə köç etmiş soydaşlarımızın izlərinin araşdırılması və onların Türkiyə cəmiyyətinə verdiyi töhfələri viziual formatda ictimaiyyətə tanıtmaqdan ibarət olan sənədli film Qərbi Azərbaycanın zəngin irsininin, erməni vandalizminə məruz qalan maddi-mədəniyyət nümunələrinin beynəlxalq səviyyədə tanıdılması məqsədi daşıyır.
Filmin çəkilişləri Türkiyənin müxtəlif şəhərlərində (Ankara, İstanbul, İzmir, İğdır və s.) baş tutub.
30 dəqiqəlik sənədli filmin təqdimatı fevral ayında Azərbaycan və Türkiyə ictimai xadimlərinin, Gənclər təşkilatlarının, millət vəkillərinin, KİV nümayəndələrinin və tələbə gənclərin iştirakı ilə Bakı şəhərində baş tutacaq.