Türkiyədə şəhidimizin adını daşıyan liseyin açılış mərasimi: “Biz Qərbi Azərbayacana qayıdacağıq” – FOTOLAR
“Öz dədə torpaqlarımızı olan Qərbi Azərbaycana qayıdacağıq. Babalarımızın mirasına sahib çıxacağıq”.
Yenicag.az xəbər verir ki, bu sözləri Azərbaycan diasporunun tanınmış simalarından olan, Türkiyədə Qərbi Azərbaycan İcmasının səlahiyyətlisi Asif Kurban Balıkəsirdə Vətən müharibəsi şəhidi Məmmədağa Səfərovun adını daşıyan Anadolu liseyinin açılış mərasimində çıxışı zamanı bildirib.
“Öncə qeyd edim ki, şəhidimiz Məmmədağa Səfərovun adını daşıyan liseyin məzunları sabah gələcəyin iş adamları, həkimləri və sair sahələri əhatə edəcək insanlar olacaqlar. Bunu unutmasınlar.
Mən tarixə nəzər salmaq istərdim: XX əsrin əvvəllərində biz İzmirdən Bakıya yolla gedə bilirdik. Sonra sovetlər Ermənistan dövlətini yaratmaqla, bizim yolumuzu kəsdilər. Bolşeviklər ermənilərin Türk dünyasına qarşı yönəltdilər. İlk öncə o torpaqların qədim sakinləri biz olmuşuq. 1915-20-ci illərdə, 1948-ci illərdə insanlarımızı didərgin saldılar. Mənim babalarım Qərbi Azərbaycanda anadan olublar. Atam 1988-ci ildə məcburi şəkildə köç ediblər. Onunla birgə 350 mindən çox insanımız öz dədə-baba torpaqlarından didərgin salınıb. Babalarımızın məzarı ordadır. Tariximiz, dəyərlərimiz ordadır”.
A.Kurban qeyd edib ki, “bizim hədəfimiz öz torpaqlarımıza sülh yolu ilə qayıtmaqdır”:
“Biz evimizə dönmək istəyirik və öz halal haqqımız istəyirik. Keçən günlərdə Xankəndi şəhərində idim. Orada ermənilərlə söhbət etdim. Onlar Azərbaycan dövlətinin onlara yaşamaq hüququnu verməyindən məmnunluqla danışırdılar. Bundan sonra Azərbaycan vətəndaşı olaraq Qarabağda yaşayacaqlar. Biz Ermənistan vətəndaşı olaraq öz torpaqlarımızda yaşamaq istəyirik. Əsrin əvvəllərində Qərbi Azərbaycandan İğdıra, Qarsa köç edən insanlarımız oldu. Bu gün onların nəvə-nəticələri yaşayır. Onların dədələrinin miras haqqı var. Cənab Prezident İlham Əliyevin dediyi kimi biz ora top-tüfənflə, tankla yox, sülh ilə qayıdacağıq”.
Qeyd edək ki, açılış mərasimində şəhidin ailə üzvləri, tədbirin təşkilatçılarından Azərbaycanın Türkiyədəki Səfirliyinin Təhsil müşaviri Nəcibə Nəsibova iştirak edib.