Türkiyədə təhsil alan jurnalist övladı: “Bu ixtisası seçərkən ilham mənbəyim anam olub” – MÜSAHİBƏ

Ali məktəblərə bu il keçirilmiş qəbul imtahanlarında tələbə adını qazananlar arasında xeyli jurnalist övladı da var. Kimisi yerli, kimisi də xarici universitetlərin tələbəsi olmaq şansını qazanıb.

Yenicag.az tanınmış araşdırmaçı jurnalist Aygün Muradxanlının qızı Humay Süleymanlının Modern.az-a müsahibəsini təqdim edir:

Humay Süleymanlı 2002- ci il iyulun 10-da Bakıda anadan olub. 2008- ci il Bakı Atatürk Liseyində 1-ci sinfə gedib, 2019-cu ildə bu liseyin məzunu olub. Bu il keçirilən “YÖS” imtahanından 72 bal yığaraq, Türkiyənin Nişantaşı Universitetinin “Yeni media” ixtisasına qəbul olunub.

– Humay, niyə məhz Türkiyədə təhsil almaq istəyirsən?

– Öncə bildirim ki, Türkiyə universitetlərinin birində təhsil almaq mənim uşaqlıq xəyalım olub. Elə bu xəyallarımın arxasınca gedərək, onu reallaşdırmağa çalışdım. Bəzən deyirlər ki, bəzi xəyallar reallaşmır, sadəcə istək olaraq qalır. Düşünürəm ki, əgər o xəyalı sadəcə arzu olaraq yox, məqsəd olaraq düçüncənin ən dərin yerinə yeridə bilsən, istədiyin nəticəyə nail ola biləcəksən. Mənə elə gəlir ki, seçimimdə yanılmamışam. Əminəm ki, Türkiyədə təhsil almaq mənə bir çox şeylər qazandıracaq. Ona görə ki, bu, gələcək həyatımın parlaq ola biləcəyinə zəmanət verir.

– Türkiyə təhsilin əsas özəlliyini nədə görürsən?

– Bacım hazırda Bakıda təhsil alır. Mənim də hər iki ölkənin təhsil sistemini müqayisə etmək şansım olur. Fikirləşirəm ki, Türkiyədə təhsil almaq Azərbaycanda təhsil almaqdan daha çətindir. Çünki Türkiyədə seçdiyin ixtisas üzrə tam peşəkarlaşmamış, universitetin məzunu ola bilmirsən. Burdan belə nəticəyə gəlirik ki, təhsil keyfiyyəti çox yüksək olur. Hər bir tələbəyə müasir metodlarla dərslər tədris olunur. Ən azından müəllimlər vermiş olduqları təhsili tələbədən təkidlə geri tələb edirlər. Nəticədə də hər bir tələbənin təqaüd (burs) almaq şansı olur. Əsas özəllik odur ki, Türkiyədə daha çox praktikaya önəm verilir. Təsəvvürünüzə gətirin, 4 illik təhsil müddətinin 2 ili praktikaya həsr olunur. Tələbələr burda yalnız dinləyici kimi yox, eyni zamanda iştirakçı da olurlar. Məsələn, müəllim bizə bir mövzu verir və hər bir tələbə də o mövzu üzrə öz biliklərini ortaya qoyaraq, fikirlərini bütün auditoriya ilə bölüşür. Nəticədə tələbə mövzunu daha yaxşı anlamış olur. Yəni biz o mövzuları asanlıqla anlaya bilirik ki, söhbət nədən gedir. Bu üsul dərs prosesinin daha da maraqlı keçməsinə, eyni zamanda, tələbənin diqqətini başqa istiqamətə yox, ancaq dərsə yönəltməyə şərait yaratmış olur.

– Artıq 3 aydır ki, evdən uzaqda qalırsan. Valideynlərsiz yaşamaq necə bir hisdir? Darıxdığın anlar olurmu?

– Əslində mənə o qədər də pis təsir etmir. Əksinə, elə bilirəm ki, neçə ildir burda yaşayıram. Əlbəttə, darıxdığım anlar çox olur. Əsasən də gecələr ailəmdən ötrü çox darıxıram. Sonra da öz-özümə deyirəm ki, Humay, sən bura təhsil almaq üçün gəlmisən, əksinə, yaxşı oxumalısan ki, ailəni daha çox sevindirəsən. Çünki mənim hər bir uğurum onların sevincinə bərabərdir. Həm də bura mənə ona görə doğma gəlir ki, yad bir ölkədə deyiləm, qardaş ölkədəyəm. Bəlkə də Avropa ölkələrinin birində yaşasaydım, ürəklə deyə bilərdim ki, bəli çox darıxıram. Amma bunu deyə bilmirəm, çünki ətrafımız bizim qardaş və bacı hesab etdiyimiz türklərdir, dinimiz və dilimiz bir olan doğma Türkiyə…

– İndiyə qədər vermiş olduğun ən uğurlu qərarın nə olub?

– Mənə elə gəlir ki, Bakı Atatürk Liseyində şagird olmaq özü bir uğurdur. Çünki biz orda milli düşüncəli müəllimlərlə təmasda olurduq. Ən azından dünyagörüşümüzün formalaşmasında, müstəqil fikirlər söyləməyimizdə bizə çox kömək olub. İndiyə qədər verdiyim ən uğurlu qərar isə xaricdə təhsil almaqla bağlı oldu. Çünki burda həm keyfiyyətli təhsil alıram, eyni zamanda, türkcə dil biliklərimi daha da təkmilləşdirirəm. Doğurdan da çox doğru söyləyiblər, tələbəlik həyatı insanın ən yaddaqalan illərindən hesab olunur. İnanın ki, hər bir keçən gün ömrümə qızıl hərflərlə yazılır. Dərsdən sonra da çalışıram ki, Türkiyənin bir çox yerlərini gəzib, tarixi məkanlarını və mədəniyyətini az da olsa öyrənim.

– Gələcəkdə hansı sahədə çalışmaq istərdin?

– Təbii ki, əsas məqsəd universiteti yüksək qiymətlərlə bitirdikdən sonra, seçdiyim peşə üzrə Avropada magistratura təhsili almaqdır. İstərdim ki, magistratura təhsilini də bitirdikdən sonra elə Avropada qalıb, bu sahədə tanınmış bir jurnalist olaraq, fəaliyyət göstərim. Bu ixtisası seçərkən ilham mənbəyi anam olub. İndi bilmirəm, anam qədər peşəkar jurnalist olacam ya yox, ancaq bu istiqamətdə çalışacam ki, əlimdən gələni edim. Mənə elə gəlir ki, bunun da öhdəsindən gələcəm. Hətta ətrafımda olanlar da söyləyirlər ki, çox gözəl yazı yazmaq qabiliyyətim var. Düşünürəm ki, bu bacarıq mənə jurnalistika peşəsində çox böyük köməklik edəcək.
Məndə bir xüsusiyyət var, nəyisə qarşıma qoyuramsa, onun axırına getməyincə, o məqsəddən əl çəkmirəm. Peşəkar jurnalist olmaq da əsas məqsədlərimdən biridir. “Yeni media” ixtisasını seçmək də təsadüfi deyildi. Ona görə bunu seçmişəm ki, jurnalistikanın yeni prinsiplərini öyrənim. Həmçinin, jurnalist övladı olmağımla da fəxr edirəm. Jurnalist övladı olmağın ən müsbət cəhətlərindən biri də odur ki, daim ölkə gündəmindən xəbərdar olursan.

COP29