Türkiyədəki dövlət çevrilişinə cəhdin PƏRDƏARXASI: Türkiyəli professor SENSASİON FAKTLAR AÇIQLADI – ÖZƏL
“Türkiyədə dövlət çevrilişinə cəhd yoxdur. Lakin 15 iyul çevriliş cəhdindən sonra hakimiyyətin boşluğundan istifadə edən bəzi qruplar onun gücündən öz şəxsi maraqları üçün istifadə etməyə başladılar. Məhz Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi onlara qarşı tədbir gördükdə, arxasında hansısa siyasi güc olan bu kiçik qruplar “Türkiyədə dövlət çevrilişi olur” deyə, hay-küy salaraq, onlara qarşı keçiriləcək əməliyyatın qarşısını almağa çalışırlar”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, professor Hasan Oktay deyib.
Analitik “Türkiye” qəzetinin ölkədə dövlət çevrilişinin planlaşdırılması ilə bağlı dərc etdiyi informasiyalara toxunub.
H. Oktay deyib ki, 2023-cü il mayın 28-dən Daxili İşlər Naziri olan Ali Yerlikaya bu və buna bənzər cinayət təşkilatlarına qarşı yüzlərlə əməliyyat keçirib:
“Bu əməliyyatlar nəticəsində maliyyə maraqları, siyasi münasibətləri zədələnənlər indi çevrilişlə bağlı hay-həşir salırlar. Bundan əlavə, “Ülkü Ocakları”nın keçmiş lideri Sinan Atəşin öldürülməsindən sonra ədalətin yerini tapmaması fikri istər-istəməz geniş ictimaiyyətdə ciddi narahatlığa səbəb oldu. Sinan Atəşin qatillərinin il yarımdır ki, mühakimə olunmaması və bu hadisənin arxasında duran siyasi qüvvə ilə bağlı heç bir tədbir görülməməsi nəticəsində son seçkilərdə türk millətçiləri hökumətə “sarı vərəqə” göstərdilər”.
Onun sözlərinə görə, Prezident Rəcəb Tayyib Ərdoğan bu hadisələri gördükdən və seçki analizlərini etdikdən sonra Sinan Atəşlə bağlı iddianamə yazılmasına qərar verildi:
“İstər-istəməz bu ittihamdan bəzi siyasi qruplara ciddi ziyan dəyəcək. Zərər çəkəcək siyasi qruplar isə hazırda çevrilişin olacağına dair ajiotaj yaradırlar. Əsl zərbə onlara dəyəcək, çünki haqq, hüquq və ədalət Türkiyə Cümhuriyyətinin təməlidir və ədalət hər zaman öz yerini tapır”.
KAFKASSAM sədri əlavə edib ki, Ayhan Bora Kaplan adındakı cinayət təşkilatı liderinin tutulması və onun ələ keçirildiyi görüntülərin bütün dünyaya yayılmasına gəldikdə isə bu, ölkədəki bütün cinayət təşkilatlarının kabusa çevrildi:
“Daxili İşlər Naziri Ali Yerlikayanın vəzifəyə gəldiyi gündən bəri həyata keçirdiyi bütün əməliyyatlara və bu əməliyyatlarda saxlanılan məhbusların siyasi mənsubiyyətinə nəzər saldıqda, dəhşətli mənzərə ortaya çıxır. Bu vəziyyətdən narahat olan, Türkiyədə ədalətin bərqərar olmasından qorxanlar çevriliş ritorikası ilə Tayyib Ərdoğan və Ali Yerlikayaya qarşı əsl hakimiyyət çevrilişi etməyə çalışırlar. Bu çevriliş hekayəsi Sinan Ateşin qətlini ört-basdır etmək və Ali Yerlikayanın dəstələrlə mübarizəsini məhv etmək üçün irəli sürülüb. İnanıram ki, Sinan Ateşin qatilləri mühakimə olunacaq, Türkiyə quldur dövləti olmayacaq və Ali Yerlikayaua sona qədər dəstəyimizi davam etdirəcəyik”.
Rafi Müslümov