Türkiyədəki qazilərin şikayəti həllini tapdı – VİDEO

Bir neçə gün öncə qazilərimiz “YAŞAT” Fondunun onların Türkiyədəki müalicələrini dayandırdığını və Azərbaycana gətirmək istədikləri ilə bağlı videomüraicət ünvanlamışdılar.

Tovuz döyüşləri qazisi Kənan Nəsirov müraciətində bildirib ki, “YAŞAT” Fondun dəstəyi ilə Türkiyənin Bursa şəhərində müalicə alır. Son günlər bir məsələ isə onları narahat edir. Belə ki, “YAŞAT” Fondu onların Türkiyədən geri qayıtmasını və müalicənin Azərbaycanda davam etdirilməsini təklif edib.

Artıq 1 ildir Türkiyənin Bursa şəhərində onun və digər qazi yoldaşlarının müalicə aldığını qeyd edən Kənan bikdirib ki, qazilər müalicələrinin yarımçıq saxlanmasını istəmirlər:

“Yaxın bir ayda özümüzü yaxşı hiss edirik və səhhətimizdə irəliləyişlər var. Cənab prezident və Azərbaycan xalqından müalicəmizin Türkiyədə yarımçıq qoyulmamasını xahiş edirik. Çünki burada olan avandanlıqların əksəriyyəti Azərbaycanda yoxdur. Ona görə də müalicəmizin Türkiyədə davam etdirilməsinə şərait yaradılmasını xahiş edirik”.

“YAŞAT” Fondundan şikayətlərə cavab olaraq bildirilib ki, ölkə xaricində müalicə həkim rəyi ilə müəyyən edildiyi kimi, geri dönüş və müalicənin davamının necə olacağı da mütəxəssislərin rəyinə uyğun şəkildə həyata keçirilir. Bütün hallarda Fond Türkiyədəki qazilərin məlum narazılığını nəzərə alaraq onların müalicələrini Bursa şəhərində davam etdirmələrini təmin edib.

Gülşən Şərif