!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədəki siyasi proseslərə qısa baxış

!Reklam – Yazi

 

Beynəlxalq güclərin səngiməyən terror hücumları ilə üz-üzə qalan Türkiyənin AKP iqtidarı aramsız daxili və xarici tənqidlərin də hədəfindədir.

Türkiyənin Qərbin dəyişməz hədəfinə çevrilməsinin, ölkənin ciddi təhdidlərlə üzləşməsinin tək baiskarı kimi prezident Rəcəb Tayyib Ərdoğan və AKP-nin göstərilməsinə israrlı cəhdlər edilir.

Xüsusi qeyd edim ki, 2001-ci ilin avqustunda qurulan AKP-nin 2002-ci ilin noyabrında baş tutan seçkilərdə qələbəsinə münasibətim tənqidi olub. Hətta həmin seçkilərdən əvvəl keçirilmiş rəy sorğularının AKP-nin qələbəsini proqnozlaşdıran nəticələrini də ciddi saymırdım. Ancaq yekunda bir ilin partiyası olan AKP Türkiyənin ənənəvi partiyalarını əzici üstünlüklə məğlubiyyətə uğratdı. AKP iqtidarının 2002-07-ci illəri əhatə etmiş ilk dönəmində də Türkiyənin hakim siyasi qüvvəsinə tənqidi münasibətim əsasən, dəyişməz qaldı.

2007-ci il iyulun 22-də keçirilmiş seçkilərdə də qalib gələrək, təkbaşına iqtidar formalaşdıran AKP-nin yürütdüyü siyasət mənim yanaşmamda dəyişikliyə səbəb oldu. Aydın görünürdü ki, xalqın mütləq hissəsinin dəstəyini qazanan AKP və onun lideri Ərdoğan əldə etdiyi milli etimadı dövlətin güclənməsi və tarixi nüfuzunun bərpasına yönəldib. Konkret desək, R.T.Ərdoğan AKP iqtidarının ilk dönəmini dövlətin mühüm strukturlarının möhkəmlənməsinə, dayanıqlığın təmin olunmasına həsr etdi. İkinci dönəmdə isə bütün diqqət strateji hədəflərin həyata keçirilməsinə yönəldildi.

Məhz bundan sonra Türkiyənin sözəbaxan müti dövlət durumundan çıxaraq, layiq olduğu mövqelərini bərpa etmək niyyətinin ciddiliyini görən Qərbin qardaş ölkəyə münasibəti dəyişməyə başladı. Eyni zamanda, AKP iqtidarının davam etdirdiyi Avropa İttifaqına (Aİ) üzvlük təşəbbüsü də Qərbin bir sıra qəbuledilməz şərtləri ilə qarşılandı. R.T. Ərdoğanın Türkiyənin siyasi-iqtisadi-hərbi qüdrətinin artırılmasına hədəflənmiş siyasəti isə “Köhnə dünya” təmsilçilərinin “Neoosmanizm” təyini ilə damğalandı. AKP iqtidarının ölkə generalitetinin daxili siyasətə təsir imkanlarını aradan qaldırmaq və digər istiqamətində atdığı sabitləşdirici addımlar da eyni qaydada kəskin, amma əsassız tənqidlərə tuş gəldi.

Lakin AKP-nin 2011-ci il 12 iyun və 2015-ci il 1 noyabr seçkilərində də qalib gələrək, təkbaşına iqtidar haqqını təmin etməsi Türkiyə xalqının yeridilən siyasəti dəstəkləməsinin bütün dünyaya nümayişi oldu. Ancaq Türkiyəni zəiflətmək planlarından nəinki imtina etməyən, hətta pozucu fəaliyyətini daha da genişləndirən Qərb üçün bu amilin heç bir əhəmiyyəti yox idi. Qərbin Türkiyəyə qarşı apardığı gizli müharibənin son həddi isə təbii ki, 15 iyul çevrilişinə uğursuz cəhd oldu. Türkiyədə bir neçə hərbi çevriliş ssenarisini çox asanlıqla həyata keçirən ABŞ-ın “daş”ı bu dəfə “qaya”ya rast gəldi. Ərdoğanı devirmək və fiziki baxımdan məhv etmək planı baş tutmadı. ABŞ bu çevriliş cəhdi ilə heç bir əlaqəsinin olmadığını bəyan etsə də, Türkiyənin AKP iqtidarını devirməyə qalxan generalların Pentaqonun təlimatı olmadan ayaqlanmalarının mümkünsüzlüyü bir aksiomdur.

Çevriliş cəhdinin iflasa uğramasından sonra beynəlxalq güclər Türkiyəni zəiflətmək üçün bütünlüklə terror “rels”inə keçiblər. Qərb Ərdoğanı və Türkiyəni əvvəlki “qəlib”inə qaytarmaq üçün onlarla, yüzlərlə günahsız insanın qanını axıdır, terrorçu PKK-nı nümayişkar tərzdə dəstəkləyir, regionda Türk nüfuzunun zəifləməsi üçün bu gün də əlindən gələni edir.

Türkiyə rəhbərliyinin tənqidçiləri yaranmış durumu prezident Ərdoğanın Qərblə münasibətləri korlayan fəaliyyətinin nəticəsi olduğunu bildirirlər. Ancaq yuxarıda da qeyd edildi ki, AKP iqtidarı Qərblə münasibətlərin normal, lakin bərabərhüquqlu və qarşılıqlı faydaya əsaslanan təməl üzərində inkişaf etdirilməsinin tərəfdarı olub. Bəs Qərb, Türkiyənin NATO üzrə müttəfiqləri bu yanaşmaya adekvat qarşılıq verdilərmi? Əlbəttə, yox. Versəydilər, indi belə bir vəziyyət yaranmazdı. Hətta 2015-ci ilin noyabrında hərbi helikopterin vurulmasından sonra Türkiyə-Rusiya münasibətlərinin pozulması faktını da Qərbdəki müttəfiqləri Ankaraya qarşı şantaj və sabotaj vasitəsinə çevirdilər. Ankaranın Moskva ilə münasibətləri bərpa etmək cəhdi də eyni tərzdə Qərbin hiddətli reaksiyası ilə üzləşdi – ardınca isə 15 iyul çevrilişini stimullaşdırdılar. Başqa sözlə, müttəfiqləri Türkiyənin zəiflədilməsi üçün öz maraqlarını və istinad etdikləri dəyərləri də gözlərini qırpmadan tapdaladılar. Bu vəziyyətdə Türkiyənin adekvat davranması onun ən təbii haqqı kimi qarşılanmalıdır.

Lakin prezident Ərdoğanın və bütövlükdə AKP hökumətini yerli-yersiz tənqid edənlər də Qərbdəki həmfikirlərini təqlid edərək, səbəbdən yox, nəticədən danışmağa üstünlük verirlər. Maraqlıdır ki, Azərbaycandakı Ərdoğan əleyhdarları da çox həvəslə bu axına qoşulurlar. Mətbuat və sosial medianın müşahidəsi göstərir ki, bir azərbaycanlı siyasətçi, ekspert, yazar, yaxud da adi sosial şəbəkə istifadəçisi Ərdoğanın və AKP-nin tənqidində hər hansı statistik CHP-lidən daha operativ tərpənir. Bu kateqoriyaya aid şəxslərin Türkiyə iqtidarının fəaliyyətinə yönələn şərhləri də tanış və hansə mətbəxdə hazırlandığı bəlli olan tezislərə əsaslanır. Tragikomik məzmun daşıyan o şərhlərin müəllifləri 14 ilin AKP iqtidarı, 14 ildir siyasi məğlubiyyət üzü görməyən Ərdoğan, ümumiyyətlə, əsrlərin dövləti olan qosqoca Türkiyə üçün “siyasət konspekti” yazmağı da özlərinə rəva görürlər. Çox yersiz işlə məşğul olduqlarının fərqinə də varmırlar. Türkiyə isə getdiyi doğru yolda qarşısına çıxan maneələri uçuraraq, irəliləməkdədir.

Araz Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

526
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv