“Türkiyədə baş verən ardıcıl zəlzələlərin süni formada törədilməsi inandırıcı görünmür”.
Bu sözləri Türkiyədə baş verən zəlzələlərin süni olması ilə bağlı ehtimalı şərh edən politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Türkiyədə baş verən zəlzələni siyasi amillərə bağlamaq doğru yanaşma deyil:
“Türkiyədə baş verən ardıcıl zəlzələlərin hansı silah tərəfindən və ya süni formada törədilməsi inandırıcı görünmür. Bu, təbii fəlakətdir. Türkiyə coğrafi baxımdan aktiv seysmik ərazidə yerləşir. Türkiyə, Azərbaycan və bəzi Avropa ölkələri Alp-Himalay qırışıqlığı deyilən zonadadır. Böyük Qafqaz dağları seysmoloji olaraq aktiv dağlar sayılır. Yəni burada zəlzələlər tez-tez baş verir. Bu baxımdan, bir neçə gün öncə Gəncə, Naxçıvan və İranda da zəlzələlər baş vermişdi. Türkiyənin ərazisində iki böyük dağ silsiləsi var. Hər ikisi Alp-Himalay qırışıqlığının ən aktiv zonası sayılır. Bundan başqa, Türkiyə Avrasiya və Afrika tavalarının sərhədində yerləşir. Bu tavaların toqquşması nəticəsində zəlzələ ocaqları yaranır. Ona görə də Türkiyə, Azərbaycan, İran və Ermənistanda zəlzələlərə sıx şəkildə rast gəlinir. Türkiyədə ən aktiv ərazi Aralıq dənizi ətrafıdır və buna görə İstanbul daim təhlükə altındadır. Digər ərazi isə Qaziantep, Maraş bölgəsidir. Burada Ərəbistan coğrafi tavası da var.
Bütün bu amillər onu deməyə əsas verir ki, baş verən zəlzələlər tamamilə təbii hadisədir və qeyri-adi tərəfi yoxdur”.
Gülşən Şərif