Türkiyədəki zəlzələlərin İQTİSADİYYATA TƏSİRİ: “Geriləmələr bahalaşdırmaq üçün fürsətə çevrilməməlidir…” – ŞƏRH
“Qısamüddətli geriləmələr qiymətləri bahalaşdırmaq üçün fürsətə çevrilməməlidir”.
Bu sözləri Türkiyədə baş verən zəlzələlərin iqtisadi təsirlərini şərh edən İstanbulda yaşayan iqtisadçı Vüsalə Əhmədova Yenicag.az-a açıqlamasında deyib.
O bildiirb ki, ciddi zədə almış fabriklərin istehsal prosesində qısamüddətli geriləmə yaşana bilər:
“Türkiyə dünya tekstil ixracatında 7-ci yerdə qərarlaşıb. Müvafiq olaraq, Çin, ABŞ, Hindistan, İtaliya və Almaniya ilk beşliyi təşkil edir. Tekstil sektorunda Türkiyə dünyanın ən əhəmiyyətli istehsalçıları arasındadır və kifayət qədər rəqabət gücünə malik ölkədir. Müəssisələrin sayı və istehsal gücü baxımından sektor əsasən İstanbul, İzmir, Bursa, Tekirdağ şəhərlərində cəmləşib.
İstanbul hazır geyim və tekstil sektorunda birinci yerdədir. Hansı ki, sektoru təşkil edən şirkətlərin 61,2 faizi bu şəhərdədir. Məsələn, Osmanbey, Merter, Bayrampaşa, Güngören və Zeytinburnu İstanbulun mühüm istehsal mərkəzləridir.
İstanbuldan sonra sektorun ikinci ən əhəmiyyətli şəhəri 7,8 faizlə İzmirdir. Şəhər ticarət yolları üzərində yerləşdiyi üçün İrandan gətirilən toxuculuq məhsulları və ipəklə İzmirdə hazır geyim istehsal olunur. Bundan başqa, İzmir üzvi pambıq istehsalında birinci yerdədir. Xüsusilə Turqutlu dünyanın ən yaxşı pambığının yetişdirildiyi üçüncü rayon kimi göstərilir. Hazır geyim və tekstil sektorunda Tekirdağ 4 faizlik, Kırklareli isə 3 faizlik paya sahibdir. Tekirdağda xüsusilə tekstil, trikotaj, hazır geyim və dəri sənayesi müəssisələri yerləşir. Türkiyənin ən əhəmiyyətli tekstil şəhəri, tekstilin ürəyi Bursadır. Bu şəhər 1500 illik keçmişi ilə Türkiyənin tekstil tarixini təşkil edir və şəhərdə böyük tekstil fabrikləri mövcuddur. O cümlədən Ankara, Mersin, Adana, Malatya, Adıyaman və Qaziantep də digər mühüm hazır geyim və tekstil şəhərləri arasında yer alır. Məsələn, Adana pambıq toxuculuq, Qaziantep isə iplik istehsalında önə çıxır. Zəlzələ nəticəsində ciddi dağıntılarla üzləşən Qəhrəmanmaraş tekstil və hazır geyim ixracatında Türkiyədə 4-cü yerdədir. Bu şəhərdə 26 toxuculuq fabriki var, hansı ki, illik istehsal gücü 138 milyon metr parça və 49 milyon metr cins parça təşkil edir. İldə 122 min ton istehsal gücünə malik trikotaj və parça istehsal edən 43 şirkət də bu şəhərdə yerləşir. Toxuculuq və tikiş sənayesinin ayrılmaz hissəsi parça və iplikdir.
Qaziantep və Qəhrəmanmaraşda zəlzələdən sonra sənaye istehsalı əhəmiyyətli dərəcədə gerilədi. Hazırda yalnız obyektləri zədələnməmiş şirkətlər istehsalı davam etdirirlər. Ciddi zədə almış fabriklərin istehsal prosesində qısamüddətli geriləmə yaşana bilər. Ancaq düşünürəm ki, tez bir zamanda toparlayacaqlar. Əhəmiyyətli geriləmə olacağını düşünmürəm. Ölkəmizə idxal olunan geyim məhsullarında əhəmiyyətli dərəcədə azalma olacağını düşünmürəm. Ən əsası bu qısamüddətli geriləmələr qiymətləri bahalaşdırmaq üçün fürsətə çevrilməməlidir”.
Gülşən Şərif