Türkiyədən Azərbaycana könül körpüsü: Balaca şagirdlərimizin yazdığı məktublar Avropada yayınlanacaq – VİDEO
Türkiyəli və azərbaycanlı şagirdlərin “Qardaşıma məktub” layihəsi iki ölkəni sevindirib.
Yenicag.az xəbər verir ki, Türkiyənin Eskişehir bölgəsində ibtidai sinif müəllimi işləyən Seda Gökmen Azərbaycandan olan ibtidai sinif müəllimi Günel Əkbərin təşəbbüsü ilə “Qardaşıma məktub” layihəsi geniş coğrafiyada böyük əks-səda doğurub.
Seda Gökmen şagirdləri ilə birlikdə Türkcə dərsinin mövzusu olan məktub və təbrik mətni yazmaq və “Həyat bilgisi” dərsinin mövzusu olan “Qonşularımız” mövzularını təkmilləşdirmək məqsədi ilə özünəməxsus pedaqoji metodlarla ortaya təqdirəlayiq bir nümunə qoyublar.
Azərbaycan xalqını, mədəniyyətini şagirdlərə tanıtmaq, qardaşlıq duyğusunu əbədi etmək, təkcə Avropa-Amerika özəntisi ilə yetişən bir nəsil deyil, eyni zamanda, köklərinə bağlı və tarixini kimlərlə paylaşdığının bilincində bir nəsil yetişdirmək məqsədi ilə birlikdə yazdıqları məktubları Azərbaycana göndərib və ortaya sevgi dolu görüntülər çıxıb.
Günel Əkbərin o anları qeydə alan və şagirdləri ilə münasibətləri görənləri heyran edən türkiyəli müəllimin bu sevincli anlarını sosial şəbəkələrdə paylaşması böyük əks-sədaya səbəb olub.
Bu gözəl aksiya ilə bağlı hazırlanmış süjet Türkiyədən ibtidai sinif müəllimi Seda Gökmen və Azərbaycandan ibtidai sinif müəllimi Günel Əkbər, Köln Azərbaycan Evi Dərnəyinin sədri Altay Rüstəmli, yazar Orxan Araz və jurnalist Yaqut Misirxanlının iştirakı ilə Nurdoğan Aktaşın təqdimatı ilə iyunun 8-də yerli vaxtla saat 16:00-da avropalı türklərin televiziyası olan “Kanal Avropa”da yayımlanacaq.
Nəsimi Ələsgərli