Türkiyədən Ermənistana Qarabağ notası

Türkiyə qondarma “Dağlıq Qarabağ Respublikasın”da fevralın 20-da keçirilməsi planlaşdırılan “referendum”u tanımadığını bəyan edib.

Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 25 ildir ki, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ bölgəsində keçirilməsi planlaşdırılan “referendum” beynəlxalq hüququn, BMT Təhlükəsizlik Şurasının qərarlarının, ATƏT prinsiplərinin açıq pozulması deməkdir. Bu və buna bənzər tədbirlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair səylərə də zərər verir.

“Ölkəmiz Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün növbəti dəfə pozulmasına yönəlmiş bu hadisəni qınayır. Qeyri-qanuni olan bu “referendum” və nəticələri Türkiyə tərəfindən tanınmayacaq”deyə bəyanatda bildirilir.

Açıqlamada o da qeyd olunub ki, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığa ən böyük maneə olmaqda davam edir: “2016-cı ilin aprel ayında Dağlıq Qarabağdakı təmas xəttində və Azərbaycan-Ermənistan sərhədinin bəzi hissələrində yaşanan insidentlər status-kvonun davam etdirilməsinin mümkünsüzlüyünü, münaqişənin tezliklə sülh yolu ilə həllini tapmasını labüd edir. ATƏT-in Minsk qrupunun üzvü olan Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı həlli ilə bağlı səyləri dəstəkləməyə davam edəcək”.

COP29