Türkiyədən ev alan azərbaycanlıların sayında AZALMA: “Daşınmaz əmlak üçün təyin olunan yüksək qiymət…” – EKSPERT

2022-ci il ərzində Azərbaycan vətəndaşları Türkiyədə 1330 mənzil (ev) alıblar. Belə ki, ötən ilin dekabr ayında azərbaycanlılar Türkiyədə ev alan xaricilər arasında 8-ci yeri tutublar. Bu isə Azərbaycan vətəndaşlarının Türkiyədə mənzil alışının azalmasını göstərir.

Mövzu ilə bağlı əmlak eksperti Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında bildirib ki, Türkiyənin daşınmaz əmlakla bağlı yeni qərarı azərbaycanlıların marağına uyğun deyil:

“2021-ci ilə qədər Türkiyədə daşınmaz əmlakların qiymətləri sabit idi. Artım çox cüzi şəkildə müşahidə olunurdu. Rusiya-Ukrayna müharibəsi nəticəsində Türkiyəyə ciddi axın müşahidə olunmağa başladı. Xüsusən də Avropada, Amerikada yaşayan rus iş adamları, Rusiya vətəndaşları, həmçinin Ukrayna və digər ölkələrdən gələn xarici vətəndaşlar Türkiyədən daşınmaz əmlak almağa üstünlük verdilər. Bu cür kütləvi axın Türkiyənin öz qanunvericiliyində dəyişiklik etməsinə yol açdı. Əvvəlki illərdə Türkiyədən 250 min dollar məbləğində daşınmaz əmlak alan turistə Türkiyə vətəndaşlığı verilirdi. Dəyişiklikdən sonra müəyyən olunan məbləğ artırıldı və 400 min dollar civarında oldu. Əgər hansısa xarici vətəndaş Türkiyə vətəndaşı olmaq üçün ev almaq istəyirsə, bu halda 400 min dollar xərcləməlidir.

Azərbaycan vətəndaşlarının Türkiyədən ev almasında azalmanın müşahidə olunması da məhz qiymətlərlə bağlıdır. Yeni qiymət azərbaycanlıların Türkiyədən ev almasına marağı kəskin şəkildə azaldıb. Əvvəlki illərdə qiymət ucuz olduğuna görə vətəndaşlarımız aldıqları evi rahatlıqla kirayə verə bilirdilər. Lakin indiki məqamda daşınmaz əmlak üçün təyin olunan yüksək qiymət alıcılıq qabiliyyətini azaldıb. Ona görə də azərbaycanlıların reytinqdəki mövqeyi də geriləyib”.

Gülşən Şərif