Türkiyədən mühüm addım – 6 ölkənin imtina etdiyi Argentinadakı ukraynalılar İstanbulda

Türk Hava Yollarının köməyilə 9 Ukrayna vətəndaşı Ukraynaya qayıtmaq üçün Argentinadan Türkiyəyə gətirilib.

Yenicag.az xəbər verir ki, Ukraynanın Türkiyədəki səfiri Andrey Sybiha “Ukrayna tərəfi Argentinadakı vətəndaşlarını gətirmək üçün təyyarələrini göndərən 6 ölkə ilə əlaqə yaradaraq, Ukrayna vətəndaşlarıyla da bağlı lazımi köməkliyin göstərilməsini xahiş etdi. Təəssüf ki, xahişimiz rədd edildi. Digər 6 ölkə xahişimizi rədd etdiyi halda, bu çətin günlərdə bizə yardım əlini uzadan həqiqi strateji tərəfdaşımız olan Türkiyəyə minnətdarıq”, – deyə bildirib.

Sybiha daha əvvəl də Türkiyənin dəstəyilə çox sayda ukraynalını bir çox ölkədən Ukraynaya göndərdiklərini deyib. O qeyd edib ki, bu günə qədər Türkiyənin dəstəyilə səfirlik olaraq 3 mindən çox vətəndaşlarını Ukraynaya göndəriblər: “Burada həm Türkiyədəki, həm də digər ölkələrdəki vətəndaşlarımızı nəzərdə tuturam. İstanbul bir mərkəz olaraq müəyyən edildi”.

Sybiha Türkiyə ilə Ukrayna orqanları arasındakı qarşılıqlı müsbət münasibətlərin davam edəcəyinə ümid bəslədiyini vurğulayıb.