Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi nəticəsində ölkədə 60 nəfər həyatını itirib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Ankara Baş Prokurorluğu məlumat yayıb.
Türkiyənin Baş naziri Binəli Yıldırım bildirib ki, hazırda qiyamla bağlı 130 nəfər həbs olunub. Baş nazir qiyamda iştirak edən bir generalın öldürüldüyünü qeyd edib. Bildirib ki, həbs olunanlar arasında polkovnik rütbəsində olan hərbçilər də var.
Binəli Yıldırım, həmçinin günorta saatlarında bütün deputatları parlamentin fövqəladə iclasına çağırdığını deyib.
***
Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi ilə bağlı 754 nəfər saxlanılıb. APA-nın məlumatına görə, bu barədə rəsmi Anadolu Agentliyi məlumat yayıb.
Türkiyə agentliklərinin məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin xeyli sayda yüksək rütbəli hərbçisi saxlanılıb. Silahlı Qüvvələrin II Ordu Komandanlığına daxil olan birliklərdə də atışma səsləri eşidilir.
CNNTürk isə bəzi hərbi birliklərdə əsgərlərin çevrilişçi hərbçilərin rütbə nişanlarını sökdüklərini, onları polisə təhvil derdiklərini bildirib.