Türkiyənin Xarici İşlər Nazirliyi Uruqvay hökuməti tərəfindən qəbul edilən 1915-ci il hadisələrini “soyqırımı” kimi tanıyan qanunla bağlı bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, qanunverici orqanlar və siyasətçilərin mübahisəli tarixi məsələlərlə bağlı qərar qəbul etmək səlahiyyətinin olmadığının xatırladıldığı bəyanatda Uruqvay parlamenti və hökumətinin tarixi təhrif edərək ölkədaxili siyasi məqsədlərinə çatmağa çalışmasının qəbuledilməz olduğu vurğulanıb.
“Uruqvay parlamenti tərəfindən qəbul edilən və Uruqvay Prezidentinin vəkili tərəfindən imzalanan 1915-ci il hadisələrini “soyqırımı” kimi tanıyan qanunu rədd edir və pisləyirik. Sözügedən qanun beynəlxalq hüquqa, xüsusilə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1948-ci il qətnaməsi ilə qəbul edilən Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyaya ziddir və etibarsızdır”.-deyə bəyanatda vurğulanıb.