Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi nəzdində SABAH Mərkəzinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetində tanınmış türkoloqlar – Türkiyənin Fırat Universitetinin Humanitar və ictimai elmlər fakültəsinin Türk dili və ədəbiyyatı kafedrasının Yeni türk dili şöbəsinin professorları Əhməd Buranın və Fateh Özəyin “Türk dünyasında ortaq ünsiyyət dili” mövzusunda ustad dərsi keçirilib.
Yenicag.az xəbər verir ki, tədbirdə BDU-nun və APDU-nun SABAH Mərkəzinin rəhbərləri – dosent İradə Süleymanova və dosent Lalə Mürsəlbəyova, BDU-nun Türkologiya kafedrasının müdiri professor Məhərrəm Məmmədov, BDU-nun Filologiya fakültəsinin dekan müavini Dr. Anar Fərəcov, filologiya elmləri doktoru Qızılgül Abdullayeva, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi dosent Əzizağa Nəcəfov, BDU-nun “Türkoloji araşdırmalar” ETL-in əməkdaşları – Pərvin Eyvazov və Ramil Bayramov, o cümlədən SABAH Mərkəzinin müəllimləri və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan BDU-nun SABAH Mərkəzinin rəhbəri dosent İradə Süleymanova öncə qonaqları salamlayaraq, beynəlxalq layihənin məhz SABAH qrupları ilə birgə icrasına göstərdikləri marağa və ustad dərsinə görə onlara təşəkkürünü bildirib. Ustad dərsinin mövzusunun aktuallığından, belə tədbirlərin davamlı şəkildə keçirilməsinin tələbələr üçün əhəmiyyətindən söz açan İradə Süleymanova türkoloji dilçilik sahəsində beynəlxalq səviyyəli layihənin Azərbaycanla əlaqəli hissəsinin SABAH Mərkəzi ilə birgə icra olunmasını yüksək qiymətləndirib. Bildirib ki, Türkiyənin Yüksək Öyrətim Qurumunun dəstəyi ilə icra olunan “Müasir türk yazı dillərinin qarşılıqlı anlaşma səviyyəsi” adlı layihə Azərbaycan, türk, qazax, qırğız, özbək və türkmən dilləri arasındakı anlaşma səviyyəsinin ölçülməsi məqsədi daşıyır və bununla əlaqədar qonaqlar Azərbaycan Dövlət Pedaqoji Universitetinin SABAH Mərkəzinin dəstəyi ilə tələbərimiz arasında test imtahanı keçirib və proses uğurla yekunlaşıb.
Sonra söz türkiyəli alimlərə verilib.
“Türk dünyasında ortaq ünsiyyət dili” adlı məruzə ilə çıxış edən professor Əhməd Buran layihənin və ustad dərsinin keçirilməsi ilə bağlı göstərilən təşəbbüsə və diqqətə, həmçinin yüksək qonaqpərvərliyə görə təşkilatçılara təşəkkürünü bildirib. Müəllif məruzəsində türk xalqlarının qədim kökləri, ana vətənləri, dövlətçilik ənənələri və dilləri ilə bağlı türkoloji tədqiqatlarda rast gəlinən müxtəlif elmi fikirlərdən söz açıb, xüsusilə xarici türkoloqların türklərlə bağlı görüşlərində yer alan konseptual yanaşmalar haqqında məlumat verib. Türk dünyasında ortaq dil məsələsinə diqqət çəkən alim türk dillərinin diferansiyasiya prosesi ilə bağlı elmi-nəzəri fikirlərdən və türk dili anlayışının tarixindən söz açıb, həmçinin türki, ümumtürk ədəbi dili və ortaq ünsiyyət dili anlayışlarının izahını verib, müasir dövrdə ortaq ünsiyyət dili ətrafında gedən müzakirələrdən və bu sahədə daha çox müdafiə olunan görüşlərdən bəhs edib.
“Qarşılıqlı anlaşmanın metod və üsulları” adlı məruzə ilə çıxış edən professor Fateh Özək simmetrik və asimmetrik anlaşmanın xüsusiyyətləri haqqında məlumat verib, türk dillərinin müasir dövrdə anlaşma səviyyəsinin ölçülməsi və bununla əlaqədar icra olunan beynəlxalq lahiyənin əhəmiyyətindən və gələcəkdə davamlılığından bəhs edib.
Sonra tələbələr məruzəçilərə suallar ünvanlayıb, mövzu ətrafında geniş məzmunlu çıxışlar edilib. Professor Məhərrəm Məmmədov, dosentlər Lalə Mürsəlbəyova, Qızılgül Abdullayeva və Əzizağa Nəcəfov mövzu ilə bağlı fikirlərini bölüşüb, layihənin türk dünyası üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb və maraqlı məruzələrə görə qonaqlara təşəkkürlərini bildiriblər.
Tədbirdən sonra qonaqlar üçün təşkil olunan çay süfrəsində qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub.