Türkiyəli millət vəkilləri ABŞ-ı “topa tutdular” – AKP, CHP və MHP-dən birgə mövqe – Özəl

TBMM nümayəndələri, ABŞ-ın Suriyada terror təşkilatına ağır silahlar verməsinə öz etirazlarını Yeniçağ.Az vasitəsilə çatdırdılar.

Dursun Çiçek (CHP İstanbul millət vəkili, TBMM Milli Müdafiə Komitəsinin üzvü)

“Türkiyə, Orta Şərqə açılan qapının bağlanmasına icazə verməyəcək”.

Ötən il 24 avqust tarixində başlayan “Fərat Qalxanı” əməliyyatına ilk günlərdən dəstək vermişdik. Müttəfiqlik əlaqələrini heçə sayaraq, Suriyanın şimalında ABŞ-ın PYD\YPG-yə ağır silahlar verməyinin məntiqini anlamaq mümkün deyil. Əgər söhbət bölgədəki terror təşkilatına qarşı effektiv mübarizədən gedirsə, onda niyə ABŞ bunu NATO-nun ən böyük hərbi müttəfiqi ilə yox, terror qruplaşmaları ilə edir? Türkiyə bu günə qədər Orta Şərqə açılan qapıların ardında yeni qruplaşmaların yaranmaması üçün necə qətiyyətli idisə, bundan sonra da bu qətiyyətliliyini davam etdirəcəkdir. Ölkəmizi birbaşa maraqlandıran bu məsələdə hamımızın milli birlik və həmrəylik içində olmağımızın vacibliyini vurğulamaqla, ABŞ-ı da verdiyi qərardan daşınmağa çağırıram. ”

Abdullah Başçı (AKP İstanbul millət vəkili, TBMM Milli Müdafiə Komitəsinin üzvü)

“Millət olaraq bir yumruq kimi bu işin qarşısındayıq”.

“Prezidentimiz cənab Rəcəb Tayyip Ərdoğan, baş nazirimiz cənab Binali Yıldırım, xarici işlər nazirimiz, millət vəkillərimiz bu mənası anlaşılmayan və dünyanın ən böyük hərbi təşkilatındakı 65 illik müttəfiqliklə uyuşmayan ABŞ-ın Suriyadakı terror təşkilatlarına ağır silah vermə qərarını qəbul etmir. Millət olaraq bu cür qərarla barışmağımız qeyri-mümkündür. Türkiyə bölgədəki terror təşkilatlarına qarşı mübarizədə daimi olaraq qətiyyət nümayiş etdirdiyi kimi Suriyanın DAEŞ-dən təmizlənməsində ABŞ ilə ən yaxın və effektiv müttəfiqliyə hazır olduğunu da dəfələrlə qeyd edib. Prezident Rəcəb Tayyip Ərdoğan hələ ABŞ-ın sabiq prezidenti Barak Obamanın hakimiyyəti dövründə bu məsələyə aydınlıq gətirib. Cənab prezidentin ABŞ-a rəsmi səfərindən əvvəl hər an Vaşinqtonun bu yanlış qərardan imtina etməsini gözləyirik.”

Kamil Aydın (MHP Ərzurum millət vəkili, TBMM Milli Müdafiə Komitəsinin üzvü)

“ABŞ-ın bölgədəki kürdlərə ağır silah vermək qərarının heç bir məntiqi yoxdur”.

“NATO-dakı ən əhəmiyyətli müttəfiqlər yerinə bizim tamamilə terror təşkilatı olaraq gördüyümüz və Qərbin də o şəkildə görməyini istədiyimiz PKK terror təşkilatının Suriya qoluna ABŞ-ın ağır silahlar vermək qərarı bütün mənalarda münasibətlərimizə ağır zərbədir. Biz terror təşkilatlarına qarşı mübarizədə Qərbdən daha güclü dəstək gözləyirik, ABŞ-ın atdığı bu addım isə bizi arxadan xəncərləmək deməkdir. Millətimiz və dövlətimiz bunu əsla qəbul etməyəcək. Vaşinqtonun təcili bu qərardan imtina etməsini və bölgədəki bütün terror təşkilatlarına qarşı Türkiyə ilə effektiv müttəfiqlik şəraitində mübarizə aparmasını gözləyirik.”

Yeniçağ.Az

COP29