Türkiyəli nazirdən rus həmkarına sərt sözlər: “Ya müsbət danış, ya da sus”

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçevin tənqidlərinə kəskin reaksiya verib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçev Ankaranın buğda üçün idxal rüsumunu artırmasını “Kürəyimizdən bıçaqlandıq” kimi şərh edib.

Rusiyalı nazirin bu fikirlərinə münasibət bildirən Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci özünün Moskvaya son səfərini xatırladaraq, “Ziyarətdən əvvəlki nöqtədən daha da irəli getmişik”, – deyib.
Tkaçevin həmin fikirlərinin yersiz olduğunu vurğulayan Zeybekçi rusiyalı nazirə “Ya müsbət danış, ya da sus”, – deyə səslənib.

Zeybekçi jurnalistlərlə söhbətində Rusiyanın Kənd Təsərrüfatı, İqtisadiyyat və Nəqliyyat nazirlikləri nümayəndələrindən ibarət geniş heyətin yaxın günlərdə Türkiyəyə səfər edəcəyini bildirib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya dövlət başçısı Vladimir Putin arasında növbəti görüşün də gündəmdə olduğu bildirilir.

Yeniçağ.Az