!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyəli rektor: “Türkiyənin başı öz problemlərinə qarışmasaydı, Ermənistan Azərbaycana heç nə edə bilməzdi”

!Reklam – Yazi

“Azərbaycan və Türkiyə olaraq, elmi potensialımızdan qarşılıqlı surətdə yararlanmağımız lazımdır”.

Bu fikirləri Yenicag.az-a müsahibəsində hazırda Bakıda səfərdə olan Türkiyənin Şanlıurfa Harran Universitetinin rektoru, professor Ramazan Taşaltın deyib.

– Ramazan bəy, bildiyimizə görə, Azərbaycana ilk gəlişinizdir…

– Bəli, Bakıya, Azərbaycana ilk dəfədir ki, gəlirəm. 1992-ci ildən sonra dəfələrlə Azərbaycana gəlməyi planlaşdırsaq da, səfərimizi heç cür gerçəkləşdirə bilmirdik. Axır ki, bu niyyətimizi həyata keçirə bildik.

– Bakı haqqında hansı təəssüratlarınız yarandı? Təsəvvür etdiyiniz bir şəhərdi?

– Bakının gözlədiyimdən, təsəvvür etdiyimdən də daha nizamlı və modern bir şəhər olduğunu gördüm. Açığı, bunu gözləmirdim. Məsələn, Türkiyədə şəhər anlayışı kifayət qədər yüksək səviyyədədir. Bizdə şəhərlər geniş, planlı, simmetrik yollarla xarakterizə olunur. O baxımdan, Bakı diqqətimi çox çəkdi. Bütün bu işlərə son 20 ildə başlanmasına rəğmən, Bakıda da yollar planlı şəkildə salınıb, binalar klassik arxitektura üslubunda inşa olunub və sair. Bir sözlə, Bakı çox modern bir şəhərdir.

– İnsanlarla təmas imkanınız oldumu?

– Deyim ki, burada azərbaycanlı olmadığımı heç kim müəyyənləşdirə bilmir. Hətta mənə bildirdilər ki, danışdığım dil Azərbaycan türkcəsinə çox yaxındır. Görüşdüyümüz Tibb Universitetinin dekanı da dedi ki, sən bizim dildə çox xoş danışırsan.

Məsələnin kökünə getsək, 100 il əvvəl danışdığımız dil bugünkü Azərbaycan dilinə daha yaxındır. Türkiyədəki türklər 100 il əvvəl danışdığı dildən uzaqlaşıblar. Azərbaycanda indi istifadə olunan əksər sözlər bir əsr əvvəl işlədilən sözlərlə eynidir. Ancaq biz 100 il əvvəl istifadə olunan sözlərin çoxunu artıq başa düşmürük. O mənada, günah bizdədir.

– Səfərinizin məqsədi haqqında məlumat verərdiz…

– Səfərimizin əsas məqsədi Harran Universiteti ilə Azərbaycan Dövlət Tibb Universiteti arasında əməkdaşlığın qurulmasıdır. Bundan başqa, Türkiyənin Urfa bölgəsində məskunlaşmış əhalinin bir qisminin Azərbaycanla bağlılığı var. O cümlədən, vaxtilə Urfadan, Batmandan Azərbaycana köçmüş ailələr də var. Məsələn, buradakı Tibb Universiteti Anatomiya kafedrasının müdiri dedi ki, onun əcdadı hələ Şəddadilər sülaləsi dönəmində Urfadan gəlib.

 

Dediyim kimi, buradan da indiki Türkiyə ərazisinə köç edənlər var. Bilirsiz, qeyd etdiyim ərazilərdə Qaraqoyunlular, Ağqoyunlular və digər tarixi dövlətlər mövcud olub. Məqsədimiz Türkiyədən Azərbaycana, Azərbaycandan Türkiyəyə edilən köçlərin tarixini üzə çıxartmaqdır. Bu, həm də mövcud əlaqələrin güclənməsinə təkan verərdi. Qeyd olunan çərçivədə tarixçilərin qarşılıqlı səfərlərini təşkil etməyi düşünürük.

– Bakıda keçirtdiyiniz görüşlər nə qədər məhsuldar oldu? Hansı nəticələr var?

– Müzakirələr yetərincə məhsuldar oldu. Tibb Universitetinin rektoru ilə görüşə bilməsək də, dekan səviyyəsində müzakirələr apardıq. Sizə bildirim ki, Türkiyədə elmi-nəzəri biliklərin səviyyəsi çox da yüksək deyil. Azərbaycanda isə sovet təhsil sistemindən irəli gələn güclü nəzəri baza mövcuddur.

– Ancaq bizdə Türkiyənin təhsil sisteminin mükəmməl olduğuna dair qəti təsəvvürlər var…

– Türkiyə elmi uğurların praktik tətbiqi sahəsində çox inkişaf edib. Bu mənada tibb sahəsini xüsusilə qeyd edə bilərəm. Dünyada tibb sahəsində nə yeniliklər varsa, onu ən sürətli şəkildə bizim səhiyyədə tətbiq edirik. Məsələn, cərrah texnoloji yenilikləri mənimsəyərək, yeni metodlarla uğurlu əməliyyatlar aparır. Ancaq praktik inkişaf yüksək səviyyədə olsa da, nəzəri biliklər haqqında bunu deyə bilmirik. Təbii ki, nəzəriyyə çox mühümdür. Onu bilmədən diaqnoz qoymaq, əməliyyatın zəruriliyini müəyyənləşdirmək mümkün deyil. Bu baxımdan, nəzəriyyə ilə praktikanın vəhdəti inkişafın davamlılığını təmin edir. İkisindən birinin olmaması ciddi natamamlıqdır.

– Əməkdaşlıq istiqamətlərini konkret müəyyənləşdirdiz, yoxsa ümumi şəkildə hansısa razılığa gəlindi?

– Çox məmnunam ki, aramızda əla dialoq yarandı. Əsas razılaşma kimi mütəxəssislərin qarşılıqlı səfərlərinin təşkilini göstərə bilərəm. Vurğulamaq istərdim ki, Türkiyədə aqrar və baytarlıq sahələri xeyli inkişaf edib. Azərbaycanda həmin sektorların inkişafına ciddi dəstək verə bilərik. Bu çərçivədə tələbə mübadiləsinin aparılmasını məqbul sayırıq. Həmçinin, bu sahələr üzrə Azərbaycanın elmi-nəzəri potensialından dəstək almağı da düşünürük. Elm o qədər dərindir ki, irəlilədikcə qarşıya daha çox aktual məsələlər çıxır. Azərbaycan və Türkiyə olaraq, elmi potensialımızdan qarşılıqlı surətdə yararlanmağımız lazımdır.

– Azərbaycanın 27 ildir ki, müharibə vəziyyətində olduğundan xəbərdarsız. Bu barədə nə düşünürsüz?

– Açıq görünür ki, Yaxın Şərqdə böyük oyunlar aparılır. Konkret desək, burada Ermənistan Azərbaycanın başına bəladır, orada isə Türkiyə PKK terroru ilə üz-üzədir. Terrorçu PKK-nın rəhbərliyindəki şəxslər kürd kimi qələmə verilsələr də, onların əksəriyyəti erməni bandalarının üzvləridir. Azərbaycan və Türkiyə ətrafındakı vəziyyət o qədər aydındır ki, burada geniş şərhə ehtiyac yoxdur. Ölkələrimiz üzləşdikləri təhdidlərə qarşı birgə mübarizə aparmalıdırlar.

Təəssüf ki, Xocalıda qətliam törədilərkən, Türkiyə daxili problemləri üzündən bu olaya müdaxilə edə bilmədi. Əgər o zaman Türkiyənin başı öz problemlərinə qarışmasaydı, Ermənistan heç nə edə bilməzdi. İndinin özündə də Türkiyə bir qədər zəifləyərsə, Ermənistanın ayağı yenə yer alar. Ona görə də Azərbaycanla Türkiyənin bütün sahələrdə mövcud olan sıx əlaqələrini daha da gücləndirmək lazımdır. Bu istiqamətdə lazım olan addımların atıldığı qənaətindəyəm. Türkiyə öz inkişafının indiki yüksək səviyyəsinə çatıb və bundan sonra daha da güclənəcək.

– Hazırda Türkiyənin FETÖ mikrobundan təmizlənməsi kimi ağır proses davam etməkdədir…

– Təsəvvür edin ki, kimsə sizə bıçaqla zərbə vurur və siz də onu zərərsizləşdirirsiz. Yəni düşmən zərərsizləşdirilsə də, onun vurduğu bıçaq zərbəsinin təsiri o dəqiqə keçmir ki… FETÖ olayı da buna bənzər bir haldır. Əlbəttə ki, FETÖ bir nəfərin meydana çıxaraq, insanları aldatması kimi bir olay deyil. Bu, Amerika, İsrail və İngiltərənin seçərək, Türkiyənin daxilində hərəkətə keçirtdiyi “din adamı” qiyafəli bir casusun vasitəsilə meydana gətirdiyi hərəkatdır. Təəssüf ki, o “din adamı” Türkiyə, həmçinin Azərbaycan dövlətinə, millətinə xidmət etməli olan xeyli gəncimizin beynini zəhərlədi, öz vətənlərinin düşməninə çevirdi, yəni bu xəncər zərbəsinin yarası tez sağalmasa da, tədricən keçər.

– FETÖ-yə qarşı eyni proses Azərbaycanda da aparılır…

– Azərbaycanda bu şəbəkəyə qarşı görülən tədbirlər barəsində dostlar mənə məlumat verdilər. Deyim ki, bu, heç də asan bir proses deyil. İki əsr əvvəl bizə hücum edən düşmənin kimliyini bilirdik, buna uyğun olaraq da tədbir görürdük. Ancaq indi düşmənlər dost obrazında üstümüzə gəlirlər. Bu üzdən də onların ifşa edilməsi çox çətinləşir. Hazırda Türkiyənin bürokratik sistemində xeyli FETÖ-çu qalmaqdadır. Təsəvvür edin ki, onlar bu şəbəkəyə qarşı gerçək mübarizə aparan insanların özlərini FETÖ-çu kimi damğalayaraq, həbsxanalara göndərirlər.

– Sizcə, Azərbaycan-Türkiyə münasibətlərinin indiki vəziyyəti qaneedici sayıla bilər?

– Burada əlbəttə ki, çox yerinə düşən “Bir millət, iki dövlət” prinsipini xatırlatmaq lazım gəlir. Azərbaycan və Türkiyə həqiqətən də vahid dövlət kimidir. Ümumiyyətlə, digər türk dövlətləri ilə də əlaqələrin gücləndirilməsinin zəruriliyini düşünürəm. Ortada Avropa Birliyi kimi bir nümunə var. Avropa ölkələri bir araya gəldikləri kimi, Türk dövlətləri də bir araya gəlməlidirlər. Fikrimcə, bu məsələlər zamanla öz həllini tapacaq. Asan olmasa da, buna çox ümidliyik.

A. Zeynalov

www.yenicag.az

2441
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv