Türkiyəni növbədənkənar seçkilərə sövq edən – SƏBƏBLƏR

Türkiyə iqtidarının növbədənkənar prezident və parlament seçkiləri təyin etməsi müxtəlif səbəblərlə əlaqələndirilir.

Yenicag.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və müttəfiqi – Milliyyətçi Hərəkat Partiyasının (MHP)  lideri Dövlət Baxçalının dünən baş tutan görüşündə bu il iyunun 24-nə növbədənkənar prezident və parlament seçkilərinin təyin edilməsi qərara alınıb.

Qeyd edək ki, növbədənkənar seçki təşəbbüsü srağagün Baxçalı tərəfindən MHP-nin Məclis Qrup Toplantısında irəli sürülüb. Ərdoğan-Baxçalı görüşündə isə tərəflər bu məsələnin aktuallığını qəbul edərək, uyğun qərar veriblər.

Bu baxımdan, Türkiyənin siyasi çevrələri və mediası növbədənkənar seçkiləri zərurətə çevirən səbəblər ətrafında qızğın diskussiya aparır. Türkiyənin iqtidaryönlü düşərgəsi bu qərarı təmkinlə izah etməyə çalışsa da, əks tərəf Ərdoğan və hakim AKP-nin növbədənkənar seçkilər sayəsində yetişən böhrandan itkisiz çıxmaq niyyətində olduğunu bildirir.

Qardaş ölkədə növbədənkənar seçkilərin təyin edilməsi Azərbaycanda da ciddi müzakirələr doğurub və bu addım müxtəlif aspektlərdən qiymətləndirilir.

Türkiyədə növbədənkənar prezident və parlament seçkilərini aktuallaşdıran səbəbləri Yenicag.az-a açıqlayan politoloq Elxan Şahinoğlu hesab edir ki, hakim koalisiyanı bu addıma sövq edən əsas amil ölkə iqtisadiyyatında neqativ meyllərin artmasıdır:

“Türkiyədə növbədənkənar seçkilərin səbəbləri haqqında danışarkən, ilk növbədə ölkədəki iqtisadi vəziyyətə nəzər salmaq lazım gəlir. Burada isə iqtisadiyyatdakı müəyyən neqativ tendensiyalar və inflyasiyanın artması qeyd oluna bilər.

Görünür, hakim partiya olan AKP və müttəfiqi MHP reytinqlərinin yüksək olduğu indiki dönəmdə növbədənkənar seçkilər keçirərək, səslərini qorumağı düşünürlər. Çünki seçkilərin gələn il – nəzərdə tutulduğu müddətdə keçirilməsi bu koalisiyanın səs itkisi ilə üzləşməsi ilə nəticələnə bilərdi.

Bundan başqa, Türkiyədə yeni yaradılan İyi Partiyanın iddiaları və bu təşkilatın nüfuzunun artması da növbədənkənar seçki qərarının verilməsinə özünəməxsus təsir göstərib.

İyi Partiya əsasən, MHP-dən ciddi nisbətdə səs “qopara” bilər. Rəcəb Tayyib Ərdoğan və Dövlət Baxçalı da bu və başqa məqamları nəzərə alaraq, seçkiləri ertələməməyi lazım biliblər.

Yəni bu çərçivədə hansısa başqa səbəblərdən danışmaq üçün əsas görmürəm. Suriyada həyata keçirilmiş uğurlu əməliyyat Ərdoğanın nüfuzunu artırıb. Xarici siyasətdə də ABŞ-la münasibətlərdəki bəzi sualları nəzərə almasaq, elə bir problem yoxdur. Ona görə də, erkən seçkilərin təyin edilməsi sırf daxili vəziyyətlə bağlı məsələdir.

Mən Türkiyədən yeni qayıtmışam və oradakı vəziyyətlə yerində tanış ola bilmişəm. İnflyasiya doğrudan da, artmaqdadır. Əgər indi seçki keçirilərsə, müəyyən proqramlarla bu gedişatı dəyişmək mümkündür. Ancaq seçkilər gələn il keçirilsəydi, iqtisadiyyatda müşahidə olunan tənəzzül meylləri daha da güclənərdi.

Hesab edirəm ki, Ərdoğanın yenidən prezident seçilməsində problem olmayacaq. Ancaq AKP-nin müəyyən elektoral itkiyə məruz qalacağı istisna edilmir. Fikrimcə, seçki prosesi normal qaydada keçəcək”.

Türkiyədə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərarın verilməsini daxili şərtlərlə əlaqələndirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında AKP-MHP tandeminin nəticə baxımından öz mövqeyini qoruyacağını deyib:

“Xatırladım ki, Türkiyədə keçirilmiş Konstitusiya referendumundan artıq bir il vaxt keçib. Həmin referendumun nəticələri Türkiyənin faktik olaraq, iki əks siyasi qütbə ayrıldığını göstərdi.

Son bir ildə beynəlxalq güclərin Türkiyəyə qarşı siyasi-iqtisadi təzyiqləri, o cümlədən, ölkə müxalifətinin zaman-zaman fəallığını artırmaq cəhdləri, üstəgəl iqtisadi vəziyyətdə müşahidə olunan mənfi təsirlər AKP üçün növbədənkənar seçkiləri aktuallaşdırdı.

Yəni növbədənkənar seçkilərin təyin olunmasında əsas amil kimi iqtisadi tendensiyaları qeyd edərdim. Digər tərəfdən, iddialı siyasi təşkilat kimi ortaya çıxan İyi Partiya və onun lideri Meral Akşenerin reytinqini artırması da bu qərarın qəbulunu sürətləndirdi.

Bu seçkilər AKP-MHP ittifaqının daha da güclənməsi ilə də əlamətdar ola bilər. Fikrimcə, bu siyasi tandem ən azı son seçkilərdəki nəticəni təkrarlayacaq. Ehtimallardan biri budur ki, seçkilərdən sonra baş nazir postu MHP lideri Dövlət Baxçalıya veriləcək. Ana müxalifət statusunu hansı partiyanın əldə edəcəyi isə CHP ilə İyi Partiyanın seçki hazırlıqlarından, aparacaqları kampaniyanın uğurundan asılı olacaq”.

A.Zeynalov

COP29